Kateqoriyasız

“Araz Naxçıvan varsa biz varıq, biz varsaq “Araz Naxçıvan” var” – MÜSAHİBƏ

İki gün bundan öncə “Araz Naxçıvan” PFK-nın rəsmi olaraq “ultrAraz” fan-klubu fəaliyyətə başladı. Elə bu məqsədlə bu gün suallarımızı “UltrAraz”ın rəhbəri Qadir Məmmədliyə ünvanladıq.

– Qadir, ilk əvvəl “ultrAraz”ın yaranmasından başlayaq. Necə oldu ki, bu fan-klubu yaratmaq qərarına gəliniz?

– “Araz Naxçıvan”ın Naxçıvanda “Neftçala” ilə ilk yoldaşlıq matçına getmişdim. Oyun zamanı stadiona nəzər saldıqda gördüm ki, komandamızı dəstəkləyənlər arasında çoxlu sayda cavan uşaqlar var və təəssüf ki, hər kəs istədiyi sektorda oturub oyuna tamaşa edirdi. Elə oradaca qərara gəldim ki, bu işin ardınca getmək, stadiona gələn azarkeşləri bir sektora yığmaq, komandaya lazımi dəstək vermək lazımdır. Bu günlərdə klub rəhbərliyi ilə görüşüb bu məsələ ətrafında fikir mübadiləsi apardıq və xeyir-dua alaraq bu işə start verdik.

– Bu gün aydın məsələdir ki, fan-klublar klublardan maliyyələşir. Bəs bu “UltrAraz”da necə olacaq?

– Fan-klubumuza üzv olan hər bir şəxs komandaya dəstək olmağa, “Araz Naxçıvan varsa biz varıq, biz varsaq “Araz Naxçıvan” var” şuarı ilə üzv olurlar. Bu səbəbdən də biz klubdan heç bir maliyyələşmə gözləmirik, “ultrAraz” fan-klubu özu özunu maliyyələşdirəcək.

– Yəni, klub tərəfdən sizə heç bir kömək göstərilməyəcək?

– Rəhbərliklə görüşdə qeyd olundu ki, fan-klub üçün “Araz Naxçıvan”ın formaları, bayraqlar, oyun üçün biletlər, baraban klub tərəfindən bizə veriləcək. Həmçinin stadionda bizim üçün sektor ayrılacaq ki, “ultrAraz” həmin sektorda komandaya dəstək olacaq.

– Planlarınızda komandanı səfər oyunlarında da dəstəkləmək var?

– Var. Sadəcə qısa zaman ərzində yaxşı bir fan-klub kimi formalaşmağı qarşımıza məqsəd qoymuşuq. Bundan sonra o işlərə yenidən baxılacaq.

– Bildiyimiz kimi Azərbaycanda bəzi klubların fan-klublarını çıxmaq şərtilə, çoxu stadionda bir-birlərinə qarşı yersiz sözlər, fikirlər söyləyirlər, banerlər açırlar? “ultrAraz” hansı yolu tutmaq fikrindədir?

– Biz 90 dəqiqə ərzində rəqibik. Amma bu rəqiblik bizə əsas vermir ki, kimisə təhqir edək. Sadəcə 90 dəqiqə ərzində bizim bir işimiz var – yalnız və yalnız komandanı dəstəkləmək, onları ruhlandırmaq. İdarə heyəti belə qərara gəldi ki, bizim fan-klub nümunəvi bir fan-klub olsun. Rəqib komanda əgər qalib gəlibsə, deməli haqq eliyib ki, qalib gəlib. Rəqib komandaya, onların azarkeşlərinə qarşı söyüş söymək bizə nə verəcək? Televiziyalar vasitəsilə bu oyunlara ailələr baxır, stadionda tərbiyəsizlik etmək bizə yaraşmaz.

– Gələcək planlarınızı bilmək olar?

– İlk öncə Muxtar Respublika ərazisində formalaşmaq niyyətimiz var. Sonradan isə Bakıda “Araz Naxçıvan” azarkeşlərini bir yerə toplamaq niyyətindəyik.

Söhbətləşdi: Emin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43