İdman

Arsen Venqerin “Arsenal”dan ayrılacağı dəqiqləşdi! – RƏSMƏN

İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Arsen Venger cari mövsümün sonunda postunu tərk edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fransalı mütəxəssis qərarını belə şərh edib: “Diqqətlə incələmədən və klubla müzakirələrdən sonra mövsümün yekununda istefa verməyim üçün münasib vaxtın yetişdiyini hesab edirəm. Mənə kluba xidmət etmək və inanılmaz illər keçirməkdən ötrü imkan yaradıldığı üçün minnətdarlığımı bildirirəm. Klubu tam məsuliyyət və vicdanla idarə etmişəm. Bu klubu xüsusi edən əməkdaşlara, futbolçulara və azarkeşlərə təşəkkür etmək istəyirəm. Mövsümü yüksək səviyyədə başa vurmaqdan ötrü azarkeşlərə komandanın arxasında olmaq çağırışı edirəm. Mənim sevgi və dəstəyim həmişəlikdir”.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”ın baş məşqçisidir. O, ötən müddət ərzində London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Fransalı mütəxəssis eyni zamanda, 7 dəfə İngiltərə Kubokunu və eyni sayda ölkə Super Kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43