Ölkə futbolu

“Artıq mövsümün əvvəlindəki komanda deyilik” – Yeqor Xvalko

“Çox vacib 3 xalı qazandıq. İndi elə bil vəziyyətdəyik ki, hər xal qızıl dəyərindədi. Bu görüşə də ciddi hazırlaşmışdıq. Məşqçilər heyəti hər şeyi analiz edib, bizə demişdi. Bəzi şeyləri həyata keçirə bilməsək də, vacib olan qələbə qazanmaq idi. Hələ qarşıda 11 oyun var. Hər matç final kimidir”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in müdafiəçisi Yeqor Xvalko “Sumqayıt” qələbəsi barədə danışarkən deyib. Belaruslu futbolçu komandanın çıxışının gözlənilməz olduğunu bildirənlərə belə cavab verib:

“Niyə gözlənilməz olur ki? Biz özümüzə inanırdıq. Bizi sevənlər, azarkeşlər bu nəticələri gözləyirdi. Artıq mövsümün əvvəlindəki komanda deyilik. İndi bütün klublar bizə hörmət edirlər”. 

27 yaşlı futbolçu “Kəpəz”in ev oyunlarını keçirəcəyi stadionunun olmamasına belə münasibət bildirib:

“Hələlik bu barədə yekun qərar verilməyib. Amma ev oyunlarımızı Gəncəyə yaxın yerdə keçirməliyik. Çünki hər həftə Bakıda oynamaq çətindir. Düzdür, təbii ot örtüyündə daha yaxşı çıxış edirik. Məşqlərimizi də belə meydançada keçiririk. Ancaq hər dəfə 5-6 saatlıq yol gedib-gəlmək çətin olur. Mənə görə, Tovuzda oynamaq ən yaxşı seçimdir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43