Milli komanda Ölkə futbolu

Arzularımızı uçuruma aparanlar – Yazı

Mövzü milli komanda olduğunda ürəkaçan nəsə danışmaq, yazmaq hələki mümkün olmayıb. Nə vaxt bir balaca xəyal qurmaq istəsək, o da dərhal qursağımızda qalır. Hələ bir neçə gün öncə Xorvatiya səfərində müasir futboldan yaxından-uzaqdan əlaqəsi olmayan bir oyunla hamıya “ümid” paylayan milli, üçcə gün sonra “yoluna” qayıtdı. Ona görə də Azərbaycan yığmasının oyunlarını analiz edib, uzun-uzadı bundan danışmaq, yazmaq nəsə mənə çox qeyri-ciddi gəlir. Hər fürsətdə “bayraq”, “dövlət”, “millət” deyənlər kimi.

Rayonda İlqar adlı bir tanışım var idi. Tüfeyli, səfil həyat tərzi sürən bir adamdı. Ailəsi dağılıb, özü də narkotik aludəçisi olmuşdu. Bir müddət həbs yatıb azadlığa çıxdıqdan sonra normal həyat sürməyə, insan kimi yaşamağa başlamaq istəyirdi. Elə o aralar rayonda icra başçısı dəyişikliyi oldu. Aradan iki-üç gün keçmişdi ki, bizim İlqarın 5 manata görə gəlib işığını kəsmişdilər. O da icra hakimiyyətinin qarşısına gedib, damarlarını kəsərək “Rafiq getdi, Tofiq gəldi. Hə, nə olsun ?” demişdi. O gün, bu gün bu söz rayonda bir çox adamın dilindədir. Nə vaxt belə bir vəziyyət yaransa, hər kəs “Rafiq getdi, Tofiq gəldi. Hə, nə olsun? deyir. Millinin Litvayla oyununda Yurçeviçi görəndə ağlıma İlqarın məşhur kəlamı gəldi. Öz-özümə fikirləşdim: doğurdan da, hə, nə olsun ? Əslində, cavab bəllidir: Nə olmalıydı ki ? Heçnə!

Xorvatiyaya dünya ikincisi deyib “fırlatdıq”, bəs, Allah bilir dünya neçəncisi Litvaya nə deyək ? Oyun boyu bir dənə də olsa təhlükəli epizod yoxdur. 3-4 düzgün ötürmə üzünə həsrət qalan millidən nə ümid gözləyəsən ? İnanın ki, bu gün fərqli şəkildə məğlub olan yığmalar belə bizdən daha yaxşı vəziyyətdədilər. Oyun olaraq yox ha, istiqamət olaraq. Bilirlər ki, gələcəyə bir balaca ümidləri var. Bizim ümidlər isə suya düşə-düşə üzməyi öyrənib.

Sizi bilmirəm, mənim milli komandaya baxanda ürəyim ağrayır. Oyunçulara, mətbuata, azarkeşə yazığım gəlir. Yurçeviçi görəndə isə gözlərim dolur. Qətiyyən futbolçuları günahlandırmıram. O uşaqlardan işiniz olmasın. Vallah, dərdimiz oyunçu dərdi deyil. Yuxusu gələnlərlə meydanda əziyyət çəkənləri eyni pilləyə qoymaq olmaz.

Hə, İlqarın aqibətini maraqlananlar üçün deyim ki, düzəlmədi. Yaşadığı kimi də öldü. Habuki hər gün, hər fürsətdə düzələcəyini, yaxşı olacağını, gördüyü işlərin qiymətləndiriliməsini söyləyirdi. Kəsdiyi damarlardan axan qanlar isə AFFA-nın göyə suvardığı pullar kimi axdı getdi. İnanın ki, İlqarın damarlarını kəsməyə məcbur edənlərlə millini bu vəziyyətə qoyanlar arsında heç bir fərq yoxdur.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43