Kateqoriyasız

Pley-off matçına doğru (Kiçik qeyd)

Avroliqanın pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” doğma meydanda “Şerif”i qəbul edəcək. İlk oyunu səfərdə 1-0 hesabı ilə məğlub olan təmsilçimiz işini çətinləşdirsə də, tur şansı davam edir.

Oyundan öncə keçirilən mətbuat konfransında hər iki tərəfin də təmkinli görünməyə çalışdığı görünsə də, qarşı tərəfdə daha çox özgüvən, arxayınlıq müşahidə edilirdi. Hiss olunurdu ki, ilk oyunda aldıqları qələbə onlara qrup mərhələsinin ab-havasını yaşadır. Rəqib baş məşqçi  oyun boyu hücum oynamayacaqlarını qeyd edərək bugünkü qarşılaşmanın necə keçəcəyinin işarəsini verdi. Yəni ki, axşam qarşımızda turu keçmək üçün hər şeydən istifadə edən bir rəqib olacaq. Bir maraqlı məqamda Qoran Sabliçin “qarşımıza qrup mərhələsi kimi məqsəd qoyulmayıb” söyləməsi oldu. Bu, təbii ki, onların qruplara qalmaq istəmədiyi anlamına gəlməz. Ancaq bizdən daha rahat olduqları mənasına gələr. 

Qurban Qurbanov isə hər zaman olduğu kimi sadə, öyrəşilmiş sözlərlə sualları cavablandırır, təmkinini qoruyurdu. Çempionlar Liqasından uzaq qalan “Köhlən Atlar”ın Avroliqadan da uzaqlaşması ağır olardı. Baş məşqçi BATE və “Şerif” səfərindən alınan nəticələrə görə tənqidlərin olduğunu, ancaq hazırda bunları düşünmədiklərini bildirsə də, müəyyən şeylərin təsirinin olduğu hiss olunurdu. Hər fürsətdə oyunçularını qorumağa çalışan mütəxəssis oyun barəsində konkret fikir bildirmədi. Uzun müddətdir tənqidi yadırğayan “Qarabağ” hiss olunurdu ki, birdən-birə gələn sərt tənqidlərin altında qalıb. Bəlkə də Qurban Qurbanov bir-iki pis nəticədən sonra bir anda bu qədər sərt təpki gələcəyini gözləmirdi. Və bundan təəccübləndiyini gizlətsə də, açıq-aşkar hiss olunurdu. Ancaq bundan bəhs etməyi özünə sığışdırmadı. Və daxilində “hamının cavabını turu keçməklə verəcəyik” firtınası əsirdi. 

Ümid edək ki, “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanaraq daha bir tarix yazacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43