Dünya futbolu

Avroliqanın Bakıda keçiriləcək finalı üçün biletlər satışa çıxır

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına start verilib.

 Final qarşılaşması üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43