Ölkə futbolu

Ayaqlarım yoruldu… Çiçək tapa bilmədim…- Yazı

8 Mart da əcəl kimidi, harda olsa gəlib səni tapacaq. İstəyirsən göyə uç, istəyirsən yerdə gizlən, xeyri yoxdu. Tanıdığım bəziləri var ki, çox sinələrinə döyür, bomba oğlan kimi görünmək istəyirlər. Hər yerdə də deyirlər ki, guya bu bayram onların heç vecinə də deyil. Kimə gəlirsiz…

Məndən sizə dostyana nəsihət, belə çənə pəhləvanlarına inanmayın. Vallah və billah belələri 8 Martda hədiyyə dalınca bizdən də bərk qaçırlar.

Sözü və əməli düz gələn dostlardan biri səhər tezdən telefon açıb dərdini danışanda əlim-ayağım yerə yapışdı. Nə gizlədim, dostumun uzun-uzadı, epiloqlu-proloqlu söhbətinə qulaq asmaq həvəsində deyildim, zamanım dar idi. Gopa basmağın yeri yoxdu, özüm də hədiyyə almağa çıxmışdım. Küləkli yaz havasında tər dabanımdan axırdı.

Dostum isə elə hey danışır, məsləhətmi, təsəllimi gözləyirdi. Dediyim kimi, çox geniş və ətraflı danışırdı, təkrar yazıb zamanınızı almaq düzgün olmaz. Yəqin elə siz də bu dəqiqələrdə hədiyyə axtarışındasınız. Qısa kəsim, deməli belə, lap səhər tezdən dostumun xanımı ultimatum verərək deyib ki, bu dəfə gül dəstəsi, bahalı ətir-filan almaq barədə heç düşünmə də…

Mənə futbol bileti al, elə et ki, “İnter”- “Simurq” və ya “AZAL”- “Bakı” oyununu, lap bədəbəd ayaqda “Neftçi”- “Sumqayıt” qarşılaşmasını stadiondan canlı izləyim.

Belə bir gözəl bayram günündə işi çətindən də çətinə düşən dostum məndən kömək istəyirdi, belə yazmaq mümkünsə, lap yalvarırdı. Deyirdi ki, qardaş, mən biləni sənin AFFA-da, PFL-də dostların var, onları da işə qoş və mənə bilet tap. Yoxsa bir-iki gündən sonra ehsanımı yeyəndə ürəyin ağrıyacaq.

Sizin ürəyiniz ağrımazmı? Yaxın dostunuz sizdən futbola bilet istəyir, özü də havayı yox a, pulu-parası ilə, amma siz həmin bileti tapıb ona verə bilmirsiniz. Zəmanə çox şeyləri dəyişib. Bu yaxınlarda 70 yaşını elə oxuya-oxuya, oynaya-oynaya qeyd edən Polad Bülbüloğlu bizi pis öyrətmişdi.

Əcələ oxşayan 8 Mart gələn kimi

Ayaqlarım yoruldu, çiçək tapa bilmədim,

Çiçəkdən gözəlsiniz…

– deyib vəziyyətdən çıxa bilirdik.

İndi isə bizdən milli çempionatımızın oyunlarına bilet istəyirlər. İstəmək nədir e, tələb edirlər. Heç bilmirəm dostum bu çətin tapşırığı necə yerinə yetirəcək.

Əziz analar, bacılar, xanımlar, qızlar, siz Tanrının Yer üzünə bəxş etdiyi gözəlliksiniz. Ayağınız dəyən yerlər cənnətə dönür. Bu bayram günündə bir xahişim var, bizim Azərbaycan futboluna yazığınız gəlsin, aradabir milli çempionatımızın oyunlarını izləmək üçün stadionlara təşrif buyurun. Bizim futbolu abıra sala bilsəniz əla olar.

Başqa yerə daha gümanımız qalmayıb…

Etibar Cəbrayıloğlu

“Het-trik news” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43