İdman

Ayxan Abbasov: “Bu, bizim üçün böyük təcrübədir”

Sabah Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Zirə” Rumıniyanın “Astra” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün komandaların oyun öncəsi mətbuat konfransı keçirilib.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov sabahkı oyun haqqında fikirlərini bidirərək, sualları cavablandırıb:

– Sabah bizi çətin oyun gözləyir. Səfərdə məğlub olmağı istəmirdik. Amma nə etmək olar ki, belə alındı. 3:1 hesabı ilə geridəyik. İnanırıq ki, sabah azarkeşlərimiz qarşısında qalib gələ biləcəyik.

– Belə oyunlarda əsas yük baş məşqçinin üzərinə düşür. Komandanı hazır edə bilmisinizmi?

– Bəli. Bizə sabah qol lazımdır. Amma ilk dəqiqələrdən irəli atılmaq olmaz. İlk qolu biz vursaq, fərqi artıra bilərik. İlk oyundan sonra da futbolçularıma demişəm bu barədə. İki çətin səfər oyunu keçirmişik. İnanıram ki, futbolçularımız bunun öhtəsindən gələcək.

– İlk oyunda standart vəziyyətlərdə “Zirə” qollar buraxdı. Sabahkı oyunda bununla bağlı tədbirlər görmüsünüzmü?

– Futbolda bacarmıram söhbəti yoxdur. Biz “Astra”nı analiz edəndə də bilirdik ki, onlar standart vəziyyətlərdə daha yaxşı oynayırlar. Qol buraxdığımız epizodlarda səhvlərimiz var idi. “Astra” da belə səhvləri bağışlamır. Futbolçularıma səhvləri göstərmişəm. Çalışarıq ki, bu oyunda belə səhvlər etməyək.

– Start heyəti müəyyənləşdirmisinizimi?

– Əlbəttə. Artıq 2 gündür ki, həmin heyətlə hazırlaşırıq. Çox güman, sabah da həmi heyət meydanda olar.

– “Zirə” artıq missiyasını başa vurubmu?

– “Astra” yaxşı rəqibdir. Amma onlar keçilmiyəcək rəqib deyil. Onları keçməyə gücümüz çatır. Bu hesab o demək deyil ki, biz təslim olmuşuq. Biz ilk dəfədir ki, belə turnirdə iştirak edirik. Bu, bizim üçün böyük təcrübədir. Öz qarşımıza da məqsəd qoymuşuq ki, gücümüz çatdığı qədər irəliləyək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43