Kateqoriyasız

Ayxan Abbasov: “Hakim “Qarabağ”ın futbolçusuna güzəşt getdi

Azərbaycan Premyer Liqasında III turun “Sumqayıt” – “Qarabağ” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib…

– Bizi çətin oyun gözləyirdi. Bu gün futbolçularım meydanda istədiyim əzmkarlığı göstərdi. Məncə, taktiki baxımdan da düz oynadıq, istədiyimiz qolları vurduq. Son dəqiqədə qol buraxdığımız üçün məyus olduq. Oyundan-oyuna əsas məqsədimiz futbolçularımızın yaxşı performans göstərməsidi. Bu gün Aydın Bayramovun qapıda belə inamlı durması bizi sevindirir. O, gələcəkdə milliyə namizədlərdəndi. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər oyunu gözləyir.

– Vahid lidersiz, bu gecə rahat yatacaqsız?
– Ötən il də 1 həftə lider qalmışdıq. Hər il nəyisə artırırıq.

– Sizin Cavid İmamverdiyevdən daha çox qaçdığınızı düşünürəm. Meydana daxil olduqdan sonra sanki heç qaçmırdı…
– Cavid İmamverdiyein oyuna qoşulması çətin idi. Cavidi qazanmaq istəyirik, lazım olan anda topu saxlaya bilər. O, tam hazır olanda bundan daha yaxşı olacaq. Ehtiyatda gənc futbolçular var idi, tempin yüksək olmasına görə onları risk etmədim. Cavidin əsas tapşırığı irəlidə top saxlamaq idi.

– İsmayıl İbrahimlinin epizodunda hakim ikinci sarı vərəqə versəydi, sizin üçün daha rahat olmazdı? Qurban Qurbanov hakimin sarı vərəqə göstərməməklə düzgün qərar verdiyini dedi.
– Məncə, qırmızı vərəqə idi. Mənim bildiyim qayda-qanunlara görə ikinci sarı vərəqə verilməli idi, çünki əks-hücumun qarşısına kəsdi. Məncə, Hakimlər Komitəsinin sədri Ştuxlik bu epizodu müzakirə etməlidi. Düşünürəm ki, baş hakim İsmayıla güzəştə getdi.

– Komanda indi yaxşı vəziyyətdədi. Bu komanda daha əvvəl bu hala gəlsəydi, “Şkendiya” ilə oyun fərqli ola bilərdi?
– Mən əvvəl də demişdim ki, bizə zaman lazımdı. “Şkendiya” da pis komanda deyil, amma bu gün onlarla maraqlı oyun oynaya bilərdik.

– Cavid və Elvin Bədəlovun oyunu haqda nə deyə bilərsiz?
– Elvin bu gün müdafiəçilərimizin arasında ən yaxşı formada olanıdı. Bəlkə də, son epizodda fikirləşdi ki, rəqibə çatar. Düzdü, rəqibi yıxıb, risk etmək olardı. Cavidin potensialı var, ona bir oyunla qiymət verməyək. Bizim hücum xəttimizdə bir Əli Qurbani var, ona görə rəqabətsizlikdi. Cavidin bu rəqabətə qoşulub, bizə fayda verəcəyini düşünürəm.

– Seçim qarşısında qalsaz, Mehdi Cənnətovu, yoxsa Aydını oynadacaqsız?
– Biz Aydına Mehdi qədər inanırıq. Bu gün Aydın əsas heyətdə olmağa layiqdi.

– Elvini ən yaxşı adlandırmaqla, Cəmaləddinə haqsızlıq etmirsiz?
– Xeyr, sadəcə sual Elvinlə bağlı oldu deyə onu dedim. Mən heç bir futbolçuma haqsızlıq etmərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43