Ölkə futbolu

Ayxan Abbasov Rəşad Sadiqov haqda: “İcazə vermərəm ki, kimsə işimə qarışsın”

Yeni mövsümə yaxşı hazırlaşan kollektivlərdən olan "Zirə" sıralarını yeni legioner futbolçu ilə gücləndirəcəklərini bildirib.

İdmanxeber.com-a açıqlama verən "qartallar"ın baş məşqçisi Ayxan Abbasov hücum xəttinə yeni əcnəbi hücumçu almaq istədiklərini söyləyib: "Axtarışdayıq, bəzi futbolçuları sınaqdan da keçirmişik. Ancaq hələ ki, istədiyimiz hücumçunu tapa bilməmişik. Bizə ön xəttin istənilən cinahında oynaya biləcək forvard lazımdı. Lakin legioner futbolçu transfer edərkən məsuliyyət iki qat artır. Çünki sıralara cəlb olunan xarici futbolçu digərlərindən 1 baş üstünoyun nümayiş etdirməlidi". 

Gənc mütəxəssis bir müddət əvvəl nizam-intizam qaydalarını pozduğunu iddia edərək komandadan göndərdiyi Rəşad Sadiqovun aqibətindən də danışıb. Abbasov, Sadiqovun özünə yeni klub axtardığını sözlərinə əlavə edib: "Rəşad məsələsi daha bağlanıb. Bu mövzuya bir də qayıtmaq istəmirəm. Onun özü ilə də görüşdüm, uğurlar arzuladım. Heç vaxt icazə vermərəm ki, hansısa futbolçu mənim işimə mane olsun, qarışsın. Mən məşqçiyəm, qarşıma qoyduğum hədəflər var və o hədəflərə çatmaq istəyirəm.".

"Rəşad Sadiqovun mövqeyinə yeni futbolçu almaq istəyirsinizmi?" sualına isə 37 yaşlı mütəxəssis bu cür cavab verib: "Rəşadın mövqeyi boş qalmayıb. Orada oynaya biləcək 4-5 futbolçumuz var." 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43