Milli komanda

Azərbaycan millisinin yeni baş məşqçisi bilindi! (RƏSMİ)

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında yeni baş məşqçi ilə əlaqədar qərar qəbul edilib. Baş məşqçi vəzifəsinə tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

AFFA-nın yaydığı məlumatda bildirilib: “Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: “Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib. Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43