Kateqoriyasız

Azərbaycan çempionatı ilə La Liqanın fərqi

Beynəlxalq Futbol Araşdırmaları Mərkəzi CIES dünya üzrə 72 yüksək liqada irihesablı qələbələrin statistikasını dərc edib.

Araşdırmaya görə, 3 və daha böyük top fərqi ilə qələbələrin ən az qeydə alındığı liqa Kolumbiya çempionatıdı. Burda 126 matçın cəmi 5-də (4 faiz) hər hansı komanda böyük hesabla qalib gəlib. Hindistan və Burkina Faso çempionatlarında bu göstərici 5,3 faizdi və onlar növbəti sıraları bölüşür.

Komandaların qeyri-bərabər gücdə olduğu liqa Solomon adaları çempionatıdı. Bu liqada 37,3 faiz matç tərəflərdən birinin rəqibini böyük hesabla yenməsi ilə yekunlaşır. Moldova və Avstriya müvafiq olaraq, 31,3 və 23,5 faiz göstərici ilə 2-ci və 3-cüdü. Bunlar Avropada ən yüksək göstəricilərdi. Azərbaycanın yer aldığl qitədə irihesablı qələbələrin ən az qeydə alındığı çempionat Albaniya Super Liqasıdı – 8,8 faiz.

“Böyük beşlik”də yalnız İspaniya La Liqasında böyükhesablı qələbə faizi araşdırılan 72 çempionat üçün orta rəqəmdən (14,5 faiz) aşağıdı – 11,4 faiz. Fransa Liqa 1-də 15 faiz, İngiltərə Premyer Liqasında 17,2 faiz, İtaliya A Seriyasında 17,7 faiz, Almaniya Bundesliqasında 20,9 faiz matç tərəflərdən birinin 3 və ya daha böyük fərqli qələbəsi ilə başa çatır.

Araşdırmaya bu mövsüm 100-dən çox matçın baş tutduğu çempionatlar daxil edildiyindən siyahıda Azərbaycan Premyer Liqası yer almayıb. Ancaq “FutbolPress” kiçik hesablamalarla bunu müəyyənləşdirə bilib.

Məlum olub ki, Azərbaycan Premyer Liqası bərabər güclü komandaların yer aldığı çempionatlardan sayılmalıdı. İndiyə qədər baş tutan 84 matçın 10-da böyük hesab qeydə alınıb. Bu, 11,9 faiz oyunda tərəflərdən birinin 3 və ya daha çox fərqlə qalib gəldiyi anlamına gəlir ki, dünya üzrə orta rəqəmdən aşağıdı.

Azərbaycan Premyer Liqasında 10 irihesablı qələbənin yarısından çoxu – 6-sı lider “Qarabağ”ın payına düşür. İkinci “Neftçi” 2 dəfə 3+ fərqlə qalib gəlməyi bacarıb. “Sabah” və “Sumqayıt”ın aktivində 1 belə qalibiyyət var. “Qəbələ” və “Səbail” ən çox böyük hesabla uduzan kollektivlərdi – hərəyə 3 dəfə. “Qırmızı-qaralar” eyni rəqibə 2 dəfə iri hesabla məğlub olmaqla da yadda qalıb.

Azərbaycan Premyer Liqasında 3+ fərqlə başa çatan matçlar

II tur. “Sabah” – “Qəbələ” – 3:0
V tur. “Qarabağ” – “Səbail” – 4:0
VI tur. “Qarabağ” – “Qəbələ” – 3:0
VIII tur. “Qarabağ” – “Keşlə” – 6:1
IX tur. “Neftçi” – “Qarabağ” – 0:6
X tur. “Qəbələ” – “Neftçi” – 1:4
X tur. “Qarabağ” – “Sumqayıt” – 6:1
XV tur. “Sumqayıt” – “Səbail” – 3:0
XVIII tur. “Qarabağ” – “Qəbələ” – 3:0
XX tur. “Neftçi” – “Səbail” – 4:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43