24 Sentyabr 2024
İdman

Azərbaycan çempionatında üçüncü dövrəyə yekun vuruldu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları ilə üçüncü dövrəyə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, açılış matçında “Murov”la “Abşeron” üz-üzə gəlib. Qalib 4 setdə müəyyənləşib. İlk seti “Abşeron” qazansa da, yekunda qələbəni “Murov” voleybolçuları bayram ediblər – 3:1 (22:25, 25:14, 25:22, 31:29).

Voleybol Mərkəzində təşkil olunan turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Görüş “dəmiryolçular”ın 3:0 (25:13, 25:17, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Üçüncü dövrədən sonra “Azərreyl” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. 16 xalı olan “Murov” ikinci pilləyə yüksəlib. “Abşeron” 15 xalla 3-cüdür. Turnir cədvəlində sonuncu olan UNEC-in isə xalı yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43