Kateqoriyasız

Azərbaycan futbolunu 15 illik əsarətdən qurtarmağın yolu

Nöqsanları tənqid etmək medianın əsas missiyalarından sayılır. Məhz tənqid etməklə media yanlışlıqları göstərməli, cəmiyyəti mövcud təhlükələrdən xəbərdar etməlidir. Biz də problemlər həllini tapana qədər daim peşə öhdəliklərimizi layiqli şəkildə yerinə yetirməyi özümüzə borc bilirik.

Bu gün idmanın şahı sayılan futbol Azərbaycanda ciddi təhlükə ilə üz-üzə qalıb. Ölkədə futbolun inkişafına cavabdeh olan qurum futbolu ildən-ilə məhv edir, neçə-neçə gənc istedadı şikəst qoyur.

Hər bir işdə nöqsan qaçılmazdır. Lakin normalda mətbuatın tənqidləri, cəmiyyətin ictimai qınağı ilə yol verilən yanlışlıqlar yavaş-yavaş aradan qaldırılır. Ancaq bu sözləri AFFA-ya aid edə bilmirik. 15 ilə yaxındır ki, bu qurumda idarəçilik edən şəxslər nə qədər tənqid olunsalar da, bundan nəticə çıxarmır, heç bir ciddi inkişafa nail ola bilmirlər. Hər il SOCAR-dan ayrılan 15-20 milyon manat isə havaya sovurulur.

15 illik zaman ərzində dövlət şirkətindən/büdcəsindən ayrılmış maddi vəsait ən azından orta səviyyəli nəticələr göstərə biləcək milli komanda qurmağa kifayət etməli idi. Ən pis halda aşağı yaş qrupları üzrə milli komandalarımızda gələcəyə ümid verən gənclər toplaşmalı idilər. Lakin bütün milli komandalarımız əsas yığmamız kimi yenə də meydanı başıaşağı tərk edirlər. Bu həftə ərzində 10 oyun keçirən millilərimizin nəticələrinə baxaq:

Əsas Milli:

Lüksemburq – Azərbaycan 2:1

İrlandiya – Azərbaycan 1:1

Azərbaycan – Portuqaliya 0:3

 

U-21:

Xorvatiya – Azərbaycan 2:0

Avstriya – Azərbaycan 6:0

U-19:

Serbiya – Azərbaycan 2:1

Azərbaycan – Macarıstan 1:3

Azərbaycan – Monteneqro 1:1

U-17:

Azərbaycan – Türkiyə 1:4

Azərbaycan – Türkiyə 0:2

10 oyun – 8 məğlubiyyət, 2 heç-heçə. Top fərqi – 6:26.

Məğlubiyyətlərin 6-sının gənc və yeniyetmə futbolçularımızın passivində olması onu göstərir ki, AFFA-nın 15 illik fəaliyyəti böyük bir sıfıra bərabərdir. Futbolumuzun bu gününü məhv edənlər, gələcəyini də geridə qalan 15 il ərzində öz xeyirləri qarşılığında bada veriblər.

İllərdir ki, AFFA-nın yanlış siyasətini, faydasız fəaliyyətini tənqid edir, nöqsanları qeyd edirik. Bu, bizim işimizdir. Nə şikayətçiyik, nə də yoruluruq. Lakin nöqsanlar kifayət qədər artıb və hər şey əndazəsindən çıxıb.

Azərbaycan futbolunu 15 illik əsarətdən qurtarmağın bir yolu var:

SOCAR-dan hər il ölkə futbolunun inkişafına heç bir xeyir verməyən müstəqil qeyri-hökumət təşkilatı olan AFFA-ya ayrılan milyonlar dövlət tərəfindən ciddi şəkildə təftiş olunmalı, fayda verməyən sponsorluq ən azından bir müddətlik, bu idarəçilərin postlarından istefa verdikləri müddətə qədər ləğv edilməlidir…

Mirələm Həsənli (sportlife.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43