Ölkə futbolu

“Azərbaycanda oynamaq elə də asan deyil” – “Səbail”in legioneri

“Mümkün olan maksimum xalı qazanmaq istəyirdik. Bəzi məqamları nəzərə almasaq, matçın çox hissəsini yaxşı oynadıq və vacib olan qələbəni qazandıq”.

Bu sözləri idmanxeber.az saytına “Səbail”in futbolçusu Matiya Lyuyiç “Sumqayıt” (3:1) görüşü barədə danışarkən deyib. “Kimyaçılar”la oyunda dubl edən 30 yaşlı futbolçu daha sonra belə davam edib:

“Əlbəttə, qol vurmağım əladı, bunu hər zaman etmək istəyirəm. Amma komandanın qələbəsi üçün mən və ya başqa birinin fərqlənməsi elə də önəmli deyil. Oyunlarda maksimum performans göstərməyə çalışıram, komanda yoldaşlarıma kömək etmək istəyirəm. Çünki hamımız eyni məqsəd üçün çalışırıq.

Daha yuxarı pillələr üçün mübarizə aparmalıyıq. “Səbail” çox yaxşı komandadır, bu səbəbdən də Premyer Liqanı tərk etmək qorxumuz yoxdur. Baş məşqçiyə və meydandakı bütün futbolçulara inanıram”.

Fevralda “dənizçilər”ə qoşulan serbiyalı oyunçu Premyer Liqanın səviyyəsindən də söz açıb. O, Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədiyini bildirib:

“Mən çox ölkələrdə oynamışam, ona görə adaptasiya problemi yaşamıram. Azərbaycan futbolu barədə bir çox şey bilirdim. Dostlarım burada oynayır, həmişə onları izləmişəm. Ancaq fərqli liqalarda çıxış etmiş biri kimi deyim ki, Azərbaycanda oynamaq elə də asan deyil. Dünyanın bütün ölkələrində əsas liqada forma geyinmək çətindir. Çünki artıq hamı mübarizə aparır, inkişaf edir. Bütün klublar irəli getmək üçün ciddi məbləğdə maliyyə ayırır. Futbol heç də asan oyun deyil”.

“Səbail”lə cari mövsümün sonuna qədər müqavilə bağlayan Lyuyiç komandadakı gələcəyi ilə bağlı bunları deyib:

“Uypeşt”lə bir illik sözləşməm var. Bu səbəbdən də nələr olacağı barədə indidən nəsə demək olmur. Hazırkı hədəfimiz “Səbail”i Premyer Liqada saxlamaqdır. İndi yalnız bu barədə düşünürəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43