22 Sentyabr 2024
İdman

“Azərbaycandakı yeməklərdən həzz alıram”- bölgə komandasının amerikalı oyunçusu

Basketbol üzrə “Gəncə” komandasının amerikalı legioneri Cared Smollun idmanxeber.az saytına müsahibəsi

-Azərbaycanda basketbola maraq elə də böyük deyil. Belə bir ölkədə oynamaq sənin üçün çətin deyil?

-Düzdür, Amerikada basketbola maraq daha çoxdur. Bura ilə müqayisə oluna bilməz. Amma başqalarının idmana marağı olub-olmaması mənə heç bir təsir göstərmir. Bu oyunu sevirəm, ona görə də oynayıram.

-Azərbaycana uyğunlaşmaq nə dərəcə asandı? 

-Açığı, çox da çətin olmadı, buradakı insanlar çox mehriban və diqqətlidirlər. Dil məsələsində bir az problem yaşayıram. Ancaq hamı mənə qarşı səbirli davranır, kömək etmək üçün əlindən gələni edir. Onu da deyim ki, yeməklər mənə çox maraqlı gəlir. Evdəkilərdən çox fərqlidir. Etiraf edim ki, buradakı yeməklərdən həzz alıram.

-Ümumiyyətlə, Azərbaycanda basketbolun səviyyəsi necədir?

-Burada çox yüksək səviyyəli oyunçular var. Təbii ki, Amerikadakı kimi demək olmaz (gülür). Ancaq hiss edirəm ki, daha da inkişaf etməli, irəli getmək lazımdır.

-“Gəncə” mövsümü yaxşı başlasa da, davamını gətirə bilmədi…

-Mövsümün ilk yarısında burada olmamışam, ona görə bu barədə danışa bilmərəm. Amma mən və başqa bir neçə oyunçu gəldikdən sonra 3 oyunda qalib gəlmişik. Ümid edirəm ki, bu seriyanı davam etdirə biləcəyik.

-Komandanın hədəfi nədir?

-Məqsəd həmişə çempion olmaqdır. Bunu bacaracaq qədər güclü komandayıq. Qarşıda hələ çox oyunlar var. Qələbələr qazanaraq, istədiyimiz hədəfə nail ola bilərik.

-Karyeranı gələcəkdə hansı ölkədə davam etdirmək istərdin?

-Açığı, bacardığım qədər oynamaq istəyirəm. Xəyalımda xüsusi olaraq hər hansı bir klub və ya ölkə yoxdur. Bayaq dediyim kimi, bu oyunu sevirəm. Fiziki gücüm imkan verdikcə karyeramı davam etdirəcəm. Səviyyəm məni hara aparsa, orada da oynayacağam.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43