Müsahibə

“Azərbaycanın dünya çempionatına vəsiqə qazanması möcüzə olar” (MÜSAHİBƏ)

“Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimovun idmanxeber.az saytına müsahibəsi

– Hazırda bütün gündəm Qətərdə keçirilən dünya çempionatıdır. Sizcə, favorit kimdir?

– Dünya çempionatı başlayandan bizi sürpriz nəticələrin gözlədiyi bəlli idi. Buna misal olaraq Almaniya və Belçika yığmalarının qrupda qalması, Yaponiya, Avstraliya kimi millilərin növbəti mərhələyə yüksəlməsini göstərmək olar. Bu amillər hazırda konkret olaraq kimin favorti olduğunu deməyə çətinlik yaradır.

– Braziliya və Portuqaliya kimi komandaların mundialla vidalaşması nə qədər gözlənilən idi. Sizcə, nəyi səhv etdilər?

– “Sambaçılar” 2014 və 2018-də keçirilən dünya çempionatında gözlənilən çıxışı edə bilmədilər. İndiki heyət pis təsir bağışlamasa da, yenə də gözlənilən olmadı. Heç cür axtarılan əzəmətli komandanı görmədük. Onların Xorvatiyanı keçə bilməməsini təxmin edirdim. Portuqaliyanın məğlub olması isə mənim üçün gözlənilməz oldu. Ancaq hər ikisinin də turnir vidalaşmasının başlıca səbəbləri rəqiblərinin güclü olmasıdır. Həm xorvatlar, həm də mərakeşlilər qələbəyə layiqli mübarizə apardılar.

– Çoxları Portuqaliyanın məğlub olmasını Kristiano Ronaldonun ehtiyatda qalmasına bağlayır…

– Ronaldo müasir futbolun iki canlı əfsanəsindən biridir. Nə olur olsun, meydanda olmalıdır. Onun adı belə rəqiblər üçün psixoloji təsirdir. Ronaldo meydanda olanda rəqib daha diqqətli olmağa məcbur olur. Onu saxlamaq üçün iki-üç oyunçu əlavə güc sərf etməlidir. Bəli, Portuqaliyanın Mərakeşə məğlubiyyətinin əsas səbəblərindən biri də Kristianonun ehtiyatda qalmasıdır. Çünki burada idman prinsiplərindən əlavə mənəvi dəyərləri də nəzərə almaq lazım idi. O, ölkəsinin fenomenidir. Oyuna mütləq əsas heyətdə başlamalı idi.

– Mərakeş yığması barədə nə deyə bilərsiniz. Turnirdə belə möcüzəvi performans göstərməyi necə bacardılar?

– Mərakeş mundialda möhtəşəm çıxış etdi. İllərdir dünya çempionatında oynayırdılar. Bu dəfə isə ulduzları parladı. Heyətlərində Avropanın güclü klublarında forma geyinən futbolçular var. Turnirdə isə əsl komanda olmağı bacardılar. Oyun boyu rəqiblərə çox az qol epizodu verirlər. Atletik cəhətdən də hazırdırlar. Çox istədirdim ki, dünya çempionu elə onlar olsunlar.

– Sizcə, Azərbaycan millisi nə vaxtsa belə möcüzəvi nəticə göstərə bilər?

– Elə əsl möcüzə Azərbaycanın dünya çempionatına vəsiqə qazanması olar (gülür). Ancaq bunun da baş verməsinə inanmaq olmur. Belə şeylər öz-özünə həyata keçmir. Mütləq ciddi layihələr hazırlanmalı və icra edilməlidir. Əgər biz nə vaxtsa Azərbaycan millisinin bu səviyyəyə qalxmasını istəyiriksə, 12-15 futbolçumuzun Avropanın aparıcı liqalarında çıxış etməsinə nail olmalıyıq. Bu isə hazırda real görünmür.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43