18 Oktyabr 2024
İdman

“Azərbaycanlı oyunçuların Türkiyədə oynaması çətin görünür”

“Gəncə” basketbol komandasının baş məşqçisi Bedri Meriç İdmanxeber.az saytına müsahibə verib. O, komandanın hədəflərindən və ümumən Azərbaycanda bu idman növünün inkişafından danışıb:

– Ötən mövsüm “Gəncə” daha iddialı heyətlə ciddi hədəflər üçün mübarizə aparırdı. Bu il vəziyyət dəyişib. Azarkeşlər hazırkı komandadan nə gözləsin?

Təəssüf ki, heyət səviyyəsi ötən mövsümə görə aşağı enib. Çünki yerli oyunçularımız çox gəncdir. Təcrübələri elə də çox deyil. Ötən mövsüm heyətdə daha güclü oyunçular var idi. Bu səbəbdən də yaxşı nəticələr qazana bilmirik. Azarkeşlər bir az səbrli olsunlar. Gənc oyunçuların yetişməsini gözləməliyik. Bunun üçün vaxt lazımdır. Yenə də pley-off üçün sona qədər mübarizə aparacağıq. 

– Ümumən Azərbaycan liqasını necə dəyərləndirirsiniz? Basketbolun inkişafı üçün hansı çatışmazlıqlar var?

Təşkilatçılıqla bağlı bəzi sıxıntılar var. Yerli oyunçuların potensiallarını biraz daha artırmaq lazımdır. Məncə, basketbolçular özlərini daha da inkişaf etdirməlidir. Belə baxanda, liqa ümumən səviyyəlidir. Türkiyədən gələn məşqçilər burada çalışır. Daha öncə də burada işləyən litvalı əfsanəvi mütəxəssis də artıq “Sabah”ı çalışdıracaq. Onlar da avrokuboklara oynayır. Yaxşı legionerlər də ölkəyə gəlir. Belə şeylər adətən büdcə və təşkilatçılıqla bağlı işlərdir. Büdcə bir az daha yüksək olsa, inkişaf da sürətlə gedəcək.

– Çempionatda yüksək səviyyəli yerli oyunçularımız var?

Potensialı olan oyunçular olsa da, daha çox çalışmalıdırlar. Məsələn, buradan hansısa azərbaycanlı basketbolçunun Türkiyəyə getməsi çətindir. Oyunçular mütləq fərdi məşqlər etməlidir. Matçlardakı mövqe seçimi ilə bağlı ciddi hazırlıq olmalıdır. 

– Azərbaycanda mətbuatın və ümumən insanların basketbola marağı nə yerdədir?

Yaxşı səviyyədədir. Mediadan əsasən gənc jurnalistlər maraqlanır. Onlar daima soruşurlar, yazırlar. Amma təşkilatçılıq məsələsində daha yüksək səviyyədə işlər görülməlidir. Təqdimetmə, medianın diqqətini çəkmək olduqca vacibdir. Biz Gəncədə yaşayırıq, bura balaca şəhərdir. Ev oyunlarına daha çox insan gəlməlidir. Bunun təbliğatını aparmalıyıq. Belə olarsa, uşaqlar da bu idman növünə maraq göstərər. 

– Türkiyəli basketbolçuları Azərbaycanda görə bilərik?

Mənim oğlum Azərbaycan vətəndaşlığını da aldı. Federasiyadan təklif almışdıq, biz də qəbul etdik. Ötən il U-16 komandasında Avropada ikinci yerə çıxmışdılar. Oğlum da ən yaxşı “5-liy”ə düşmüşdü. Amma Türkiyədən yaxşı bir oyunçunu Azərbaycana gətirmək çətindir. Çünki orada daha səviyyəli müqavilələr, yaxşı maaşlar var. Burada isə zamanla düzələcək. 

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43