Kateqoriyasız

“Vadjiyə görə sevinirəm, ancaq…” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçiqi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Frayburq”la səfər oyunu öncəsi mətbuat konfransında fikirlərini bildirdi.

İdmanxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis sabahkı matç barədə bunları söylədi:

“Çox intizamlı komandaya qarşı oynayacağıq. Kristian Ştrayx uzun illərdir ki, “Frayburq”da baş məşqçidir. Çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir”.

Qurbanov rəqib baş məşqçiyə hər hansı sürpriz hazırlamadığını bildirib: “Onlardan bizə qarşı bunu gözləmək lazımdır. Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. “Frayburq”un baş məşqçinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimadı doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram”.

Baş məşqçi “Frayburq”un Bundesliqada və Avropa Liqasındakı şanslarından söz açıb: “Analiz edəndən sonra onlara marağım çox böyük olub. Uzun illər eyni baş məşqçiyə güvənirlər. Bu, onların gələcəkdə uğurlar qazanmasına gətirib çıxara bilər. Çox istəklidirlər. Baş məşqçi nə vaxtsa bunun qarşılığını almalıdır. Növbəti mövsüm Çempionlar Liqasında olsalar, onları təbrik edəcəyəm və bundan şad olacağam”.

Qurbanov avrokuboklarda rəqibdən daha təcrübəli olmalarına münasibət bildirib: “Bizim Avropa təcrübəmiz var. Hər il qruplarda olmaq böyük üstünlükdür. Amma bu o demək deyil ki, təcrübədə onları üstələyirik. “Frayburq” hər mövsüm vacib matçlara çıxır”.

Mütəxəssis Bundesliqa təmsilçisinin standart vəziyyətlərdə təhlükəli olduğunu qeyd edib: “Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər. Standart vəziyyətlərdən bir az zəifik deyə hər hansı gərginlimiz yoxdur”.

Baş məşqçi İbrahima Vadjinin Fransanın “Sent-Etyen” klubuna keçidinə də toxunub: “Bu gün onun bizimlə olmasını istəyərdim. Vadjinin karyerasına görə sevinirəm. Amma o, yoxdursa, başqa addım atacağıq. Məyus deyilik. Əlimdə olan futbolçularla qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qurbanov Almaniya klubunun hər mövqedə bir-birini başa düşən yaxşı oyunçularının olduğunu vurğulayıb: “Demək olar ki, bütün futbolçuların adlarını əzbər bilirəm. Amma hansınısa xüsusi vurğulamaq istəmirəm. Onlar daha çox kollektiv oyuna üstünlük verirlər. Bu rəqibə qarşı diqqətli olmalıyıq”.

Sentyabrın 8-də “Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43