İdman

Azərbaycan cüdoçusu dünya birinciliyində bürünc medal qazandı

Əbu-Dabidə gənc cüdoçular arasında keçirilən dünya birinciliyinin ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olub.

İdmanxeber.com-un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya birinciliyində yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Fələstin, Kosta-Rika, Avstriya və Hollandiya idmançılarını məğlub edən Heydərov yarımfinalda Yaponiya cüdoçusu Masaya Asariyə uduzub. Üçüncü yer uğrunda görüşdə kolumbiyalı Xuan Telyoya qalib gələn cüdoçumuz mundialın bürünc medalına sahib çıxıb.

73 kq çəki dərəcəsində yarışan milli komandamızın digər üzvü Hüseyn Rəhimli dünya birinciliyində ilk görüşünü Böyük Britaniya cüdoçusu Erik Hamaya qarşı keçirib. Bu görüşdə qələbə qazanan Rəhimli sonra avstraliyalı Sem Kinq, sloveniyalı Yan Kozak və qazaxıstanlı Didar Həmzəni də məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə cüdoçumuz Gürcüstan nümayəndəsi Tamazi Kirakozaşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Linkoln Neveslə qarşılaşan Hüseyn Rəhimli rəqibinə uduzaraq 5-ci yeri tutub.

Qızların yarışında isə Azərbaycan idmançısı Səkinə Zayırova ilk görüşdə mərakeşli İkram Soukateyə yenilərək mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43