Ölkə futbolu

Azərbaycan kuboku bu həftə start götürür: 2800-cü qolu kim vuracaq? və MOİK-in 50 arzusu

Bu həftə Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 komandanın iştirakıyla keçiriləcək 2014/2015 mövsümünün kuboku 1/16 final mərhələsi ilə başlayacaq.

İlkin mərhələdə birinci divizionun 4 komandası mübarizəyə başlayacaq.

İlk dəfə

Oktyabrın 22-də qarşılaşacaq cütlər indiyədək Azərbaycan kuboku tarixində üz-üzə gəlməyib. İlk dəfə təsadüf olunan cütlər iki 1/8 finalçının adına aydınlıq gətirəcək.

1/16 final

22 oktyabr

1. MOİK – “Lokomotiv” – indiyədək görüşməyiblər

2. “Qaradağ Lökbatan” – “Zirə” – indiyədək görüşməyiblər

147-ci

1/16 final mərhələsinin 4 iştirakçısından üçü əvvəllər də Azərbaycan kubokunda mübarizə aparıb. Yalnız “Zirə” bu turnirin debütantıdır. Düzdür, qəsəbə əvvəl “Dəniz neftçiləri” və “Neftqaz” komandaları ilə kubokda təmsil olunub. Lakin eyniadlı komanda yarışda debüt edir. İndiyədək ölkə kubokunda 146 komandanın oynadığını nəzərə alsaq, debütant bu siyahıya 147-ci kimi daxil olacaq.

MOİK-in 50 arzusu

1/16 final mərhələsinin iştirakçıları arasında Azərbaycan kubokunun ən təcrübəlisi MOİK-dir. Bu yarışda 56 matç keçirən paytaxt klubu 50-ci yubiley qolunun yaxınlığındadır. Bakılılar bunun üçün iki dəfə fərqlənməlidir. “Qaradağ-Lökbatan” 20-ci qol üçün meydana çıxacaqsa, keçirdiyi oyunlarda məğlub olan “Lokomotiv” ilk iddiasındadır.

2800-cü qolu kim vuracaq?

1/16 final mərhələsi ölkə kuboku tarixində yubiley qolla əlamətdar ola bilər. Bunun üçün iki matçda ümumilikdə 3 qol vurulmalıdır. Belə ki, 23-cü yarışın startına qədər bu turnirdə 2797 qol vurulub. Penaltilər seriyası və texniki nəticələr nəzərə alınmamaqla baş tutan 919 qarşılaşmada orta məhsuldarlıq 3,04-ə bərabər olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43