08 Dekabr 2019
Layihə

Azərbaycan üçün Estoniya və Gürcüstan nümunəsi (YAZI)

Nəhəng maliyyə dalğası ölkə futbolunun üzərindən keçdi və hazırda uzun müddət davam edəcəyi görünən sakitçilik müşahidə olunur. Durğunluğun simptomları ilk növbədə özünü klub futbolunda biruzə verdi. Hətta “yaxşı vaxtlar”da belə mütəmadi olaraq futboldan gedən bölgələr isə ilk zərərçəkənlər oldu. “Simurq” klubunun fəaliyyətini tam dayandırmasından sonra “Xəzər Lənkəran” da oxşar təhlükə ilə üz-üzədir. Son 10 ildə mövcudluğuna xitam verilən klublar çox olub, hər klubun da fiaskosunun özünəməxsus səbəbləri olub. Lakin belə xoşagəlməz tendensiya varsa, deməli bu tendensiyanın təməlində dayanan və həmin klubların hamısını əhatə edən ümumi səbəblər var.

Həmin səbəblərdən ən əsası klubların cəmləşdiyi ümumi sistemdə olan qüsurlardır. Söhbət yarışların keçirilmə sistemindən keçir. Mövsümün sonunda bir komandanın Premyer Liqada sonuncu pilləni tutması və ya Birinci Divizionda çempion olması heç də həmişə o komandanın növbəti mövsümdə hansı liqada oynayacağını bəlli etmir. Yerli azarkeş buna artıq vərdiş edib.

Futbolun ən “pullu” dövrlərində klublar ayrı-ayrılıqda fantastik xərclər etməyə başladı, ardınca federasiya milli komandaları külli miqdar vəsaitə öyrəşdirdi, lakin bu günə qədər Azərbaycan futbolunda normal liqa sistemi mövcud deyil. Və məhz bu sistemin axsaması nəticəsində “süni” paytaxt klubları peyda olur, bölgə klubları isə fitil kimi tez alışıb, tez də sönür.

Liqa sisteminin necə qurulmasına bir neçə ölkənin nümunəsində nəzər yetirək. 4 peşəkar liqa olmaqla ümumilikdə 23 səviyyədən və 600-dən çox liqadan ibarət İngiltərəni Azərbaycanla bir tutmağa ehtiyac yoxdur. Bizə daha münasib ola biləcək nümunələrə baxaq.

Sahəsinə görə ölkəmizə bənzər olan Avstriyada klub futbolu bu şəkildə təşkil olunub: yüksək dəstə (Bundesliqa), birinci liqa, Regional Liqa (ölkənin şərqində, qərbində və mərkəzində parallel keçirilən 3 liqadan ibarətdir), Landesliqa (hər bir Regional Liqaya çıxmaq uğrunda 3 Landesliqada mübarizə gedir). Göründüyü kimi, artıq üçüncü dərəcədən etibarən liqalar bölgələrə bölünür. Hər bir turnirdə minimum 14 klub çıxış edir.

Bu il keçiriləcək Avropa Çempionatının sürpriz iştirakçısı olan və qitənin ən kasıb ölkələrindən olan Albaniyada yüksək liqa və birinci diviziondan səviyyəcə aşağı liqa ikinci diviziondur. Həmin divizionda klublar coğrafi mövqeyə görə iki qrupa bölünür.

Daha yaxına gələk və əhalisi ölkəmizdən 9 dəfə az olan post-sovet Estoniyasında mövcud olan sistemə diqqət yetirək: yüksək liqa, birinci divizion, birinci divizion B, ikinci divizion (şimal və cənub), üçüncü divizion (şərq və şimal; qərb və cənub), dördüncü divizion (şərq və şimal, qərb və cənub). Necə deyərlər, bam-balaca boyu var, dam dolusu klubu var.

Və ən son nümunə – qonşu Gürcüstan. Bizim kimi, onların da Respublika səviyyəli yüksək və birinci dəstələri var. Lakin birinci dəstədən aşağıda gürcülər 3 regional liqa təşkil ediblər – qərb, mərkəz və şərq liqası.

Müxtəlif ölkələrin təcrübəsinə baxdıqda çox gecikdiyimizi və heç də düzgün yolla getmədiyimizi görürük. Amma ziyanın harasından qayıtsaq, yenə də yaxşıdı. Sponsorların maliyyə sıxıntısı nəticəsində ölkə futbolunda bəzi müsbət nüansların ortaya çıxdığını artıq görmüşük. Yerli futbolçuların şişirdilmiş məvaciblərinin azalıb, yerli gənc futbolçulara artıq müəyyən klublar daha çox şans verilir. Artıq növbə bölgə futbolunundur. Yerli assosiasiya tərəfindən müxtəlif bölgə klublarına vəsaitin xərclənməsi regionlarda futbolun stabil inkişafının və kütləviliyinin qarantı ola bilməz. Hər hansı biznes adamının pulu kimi, assosiasiyanın da pulu azala bilər. Odur ki, bölgələrdə futbolu relsə qoymaq üçün effektiv liqa sistemini məsuliyyətli şəkildə təşkil etmək lazımdı. Bunun üçün futbola maraq kifayət qədərdir. Yəqin ki, bu yaxınlarda Ağdaşda həvəskar liqası matçına gələn azarkeşlərin fotosunu görmüsünüz. O ki qaldı idarəedici struktura, Regional Futbol Federasiyaları AFFA-nın tərkibində artıq uzun müddətdir mövcuddur. Elə isə, qoy bir az işləsinlər!

Ramil Cahangirov (Xüsusi olaraq İdmanxeber.com saytı üçün)

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

Oxşar xəbərlər

Fasilə davam edir: Fürsəti boşa verməyənlər…

admin

Klub kimi formalaşa bilməyən komanda kimi komanda – “Karvan”!

admin

naXOŞ mənzərə

admin