Kateqoriyasız

Azərbaycanda velosiped idmanının tarixi

Son illər ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped İdmanı Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq göz öz bəhrəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Velosiped İdmanı Federasiyasının üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulmuşdur.

Bu məqsədlə federasiyamız yarandığı ilk gündən ölkəmizdə velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləmiş, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoymuşdur.

Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, “Neftçi” İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, “Lokomotiv” İdman Cəmiyyətində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, İsmayıllı və Oğuz rayonlarında inkişaf etdirilir. Federasiyamız ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir.

Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Azərbaycanda velosipeddən istifadənin tarixi 1930-cu ildən başlayır. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəblilər və tələbələr arasında daha populyar idi. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Azərbaycanda daha iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərinin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılıb. Spartakiadalar, Avropada olduğu kimi 4 ildən bir keçirilirdi. Azərbaycanlı velosipedçilər turnirlərdə Ukraynanın Xarkov zavodunun istehsalı olan velosipedlərdən istifadə edirdilər.

Səbzəli Hüseynov və Hüseyn Zərgərli Azərbaycanda velosiped idmanının ilk nümayəndələrindəndir. Onlar daha sonralar məşqçi kimi fəaliyyətlərini davam etdiriblər. Yarışda iştirak edən velosipedçilərin sürəti saatda 30-35 km idi. Azərbaycanda peşəkar velosipedçilərin yetişdirilməsi üçün yerli, eləcə də müxtəlif ölkələrdən məşqçilər cəlb olunmuşdu. Bunlardan Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov, Leonid Novikov və başqalarının adını çəkə bilərik. Hüseyn Zərgərli dünya yarışlarında da iştirak etmiş ilk ümumittifaq dərəcəli hakimimiz olub.


Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da mübarizə aparmağa başlayıblar. Əvvəlcə yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alırdılar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandaları yerli spartakiadalarda qalib gələrək, Ümumittifaq və Zaqafqaziya spartakiadasında da iştirak edirdilər.

50-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanılıb. Artıq Azərbaycan idmançıları SSRİ çempionatı və dünya birinciliklərində qüvvələrini sınayırdılar. Həmin illərdə Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları yarışlarda uğurla iştirak edirdilər. Azərbaycan velosiped məktəbinin yetirməsi, həmyerlimiz, SSRİ-nin əməkdar idman ustası, SSRİ çempionatları və Kubokunun 6 qat qalibi Aleksandr Averinin 1978-ci ildə SSRİ yığma komandasının heyətində Dünya Turunun qalibi olması Azərbaycan velosipedinin öyünüləsi uğurları sırasında xüsusi yer tutur. Bunadək isə Aleksandr Averin 1976-cı ildə Monreal Yay Olimpiya Oyunlarında iştirak etmiş və 9-cu yeri tutmuşdu.

 


1980-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu Velotrekdə bir sıra ümumittifaq yarışları da keçirilib.

ardı var…

Mərdan Həsənov (newsport.az)

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43