İdman

Azərbaycanın əhli-kef çempionları

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında Avropa çempionatı start götürüb. 

London Olimpiyadasının qızıl mükafatçısı Toğrul Əsgərov 65 kq çəki dərəcəsində qüvvəsini sınayıb və bolqarıstanlı Borislav Noviçkova uduzub. 13-5 hesabı ilə məğlub olan güləşçimiz elə 1/8 finaldaca mübarizəsini dayandırıb. 

Bu arada bir məqamı qeyd etmək istəyirik. Azərbaycanda Olimpiya çempionlarının bu yüksək titulu qazanandan sonra, növbəti illərdə qat-qat aşağı səviyyəli yarışlarda məğlub olduğu artıq ənənə halını alıb. 

Xatırladaq ki, digər olimpiya çempionu Elnur Məmmədli də qızıl medala sahib olandan sonra növbəti yarışlarda meydanı başışağı tərk edib, halbuki dünyanın əksər ölkələrində idmançılar bir neçə dəfə olimpiya çempionu olurlar və uzun illər bu titulu qorumaq üçün mübarizə aparırlar. Azərbaycanda isə olimpiya çempionu adını qazanan idmançılar ölkəyə qayıdan kimi qlamur həyat tərzinə keçirlər və tezliklə piylənib sıradan çıxırlar.

Hətta idmançıların bu biabırçı halına millət vəkili Siyavuş Novruzov da sərt reaksiya vermişdi. 

Bu arada qeyd edək ki, Olimpiya Çempionlarımız vaxtilə qazandıqları yüksək adları çoxaltmaq yerinə, biznesmenə, məmura, avtoşa çevrilirlər. Azərbaycanda az sayda idmançı tapılar ki, daim normal çəkidə olsun və öz çəkisini qoruya bilsin. Onlar sanki bir dəfəyə hesablanmış yüksək titullarını sonrakı həyatlarında kef məclislərinə, yeyib-içməyə hesablayırlar. İllərdir Azərbaycan idmanında təkrarlanan bu biabırçı faktın özü ayrıca mövzudur və “Qafqazinfo” bu mövzuda maraqlı bir material hazırlayıb təqdim edəcək. 

Bu məqamda bildirək ki, London Olimpiyadasının qızıl mükafatçısı Toğrul Əsgərov Londondan qayıdandan sonra ona və digər çempionlarımıza maşınlar koleksiyası hədiyyə olunmuşdu. Sözügedən maşının nömrəsi isə (99-CL-999) bir müddət mediada ən çox müzakirə olunan mövzuya çevrilmişdi. Adətən belə nömrələrin bir neçə maşının qiymətinə başa gəldiyi heç kimə gizli deyil.

qafqazinfo


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43