Ölkə futbolu

Bəzədilmiş uğursuzluq – Yazı

Çempionatın sonuna iki tur qalsa da, “Neftçi”nin çempionluğunun möcülərə hətta imkansıza qaldığı aşikardır.  “Flaqman”ın mövsümün sonlarına yaxın sərgilədiyi uğursuz çıxışı bir çox nüanslara bölmək olar. “Ağ-qaralar”ın mövsüm start ilə sonluğu arasında elə ağ-qara qədər fərq var. Təbii ki, bütün uğursuzluqların başında hər zaman ağla gələn ilk isim baş məşqçi olur. Ancaq bu işdə günahkar təkcə italiyalı deyil. Əgər məsələyə təkcə məşqçi prizmasından baxsaq özümüzü və ya “Neftçi” azarkeşlərini aldadarıq.

Hələ mövsümün əvvəlində İdmanxeber.az-da keçirilən azarkeşlər arası sorğuda komandanın ən sadiq azarkeş qruplarından olan “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev heyətdəki müdafiəçi problemindən şikayətlənmişdi. Ruslan Abışovun zədələnməsinin ardından müdafiədəki problemlər hətta azarkeş baxış bucağından belə hiss olunurdu. Ancaq hər kəsin gördüyü çempionluğun getməsinə səbəb olan bu böyük problem nədənsə “Neftçi” idarəedicilərin gözlərinə “görünmədi”. Onlar çoxbilmişlik havasında gəzərək nə azarkeş, nə də mütəxəssis fikirlərinə önəm vermədilər.

Çempionluğun əldən getməsində ikinci bir məqam isə yenə rəhbərliyin yarıtmazlığı oldu. Yanvar ayına kimi komandanın ən yaxşı 2-3 oyunçusundan biri olan Dario Frederikonun əldən buraxılması birbaşa yaşanan faciəyə səbəb oldu. Əvəzində isə bütün transfer dönəmi “Badibanqa gəlir” nağılları ilə keçirildi. Doğrudur, rəhbərlik açıq şəkildə  “Badibanqanı alırıq” demədi. Ancaq bu xəbərlərə “göz qırparaq” bir növü özlərinə sərf etdiyini göstərdi. Uğursuz idarəetməyə yalnız göndərilən oyunçular deyil, ehtiyat skamyasında maaş almaqdan başqa heçnə etməyən oyunçuları da əlavə edə bilərik. Hətta iş o səviyyəyə gəlmişdi ki, uzun illər çempionluq həsrəti çəkən “Neftçi” klubu iki legionerin komandadan getmək istəyib – istəməməsinin kefinə qalmışdı. Və nəhayət tələm-tələsik alınan müdafiəçi Mbodj, Sansune transferləri də yaralara çarə olmadı. Nəticə olaraq “Neftçi” daha bir il də futboldanuzaq idarəedicilərin qurbanı oldu.

Təbii ki, bütün bunlarla yanaşı heyətdəki oyunçuların peformanslarındakı enişin də təsiri var. Mövsümün ilk dövrəsində yaradılan Mirabdulla Abbasov şousunun ömrü cəmi  iki ay çəkdi. Çox keçmədi ki, oyunçu “özünə” gəldi. Tipik yerli oyunçu zehniyyətinə qapılıb komandanın uğuru üçün yox, qol vurub “instagram”dakılara cavab vermək fikrinə düşdü. Əlbəttə ki, tək Mirabdulla yox, Emin Mahmudovla qapıçı Səlahəti də “enənlər” siyahısına daxil etmək olar. Bax, yalnız bu nüansda baş məqşçi Roberto Bordini günahlandırmaq olar. Çünki italiyalı yalnız bu məsələdə “sinifdə qaldı”. Əlindəki oyunçulardan düzgün istifadə edə bilmədi.

Geriyə isə “Neftçi”nin digər illərə nəzərən daha yaxşı olduğu kimi əhəmiyyətsiz və başaldadıcı fikirlər qaldı. “Neftçi” çempionluğa oynamadığı üçün tənqid olunar, ancaq çempionluğa oynadığı üçün tərif edilməz. Bu, “Neftçi” adının böyüklüyünə ziddir. Siz bununla yalnız azarkeşi baş aldata bilərsiniz. Ki, hazırkı vəziyyətdə azarkeşləri aldatmaq da mümkün deyil. Çünki görünən odur ki, onlar belə bu işi sizdən daha yaxşı bilir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

PFL “ulduz” qaydasını açıqladı: yalnız “Qarabağ”a icazə var

admin

“Xəzər Lənkəran”ın sabiq braziliyalısı: “Ağasəlim Mircavadov mənim atamdır”

admin

Sxadadzenin israrla istədiyi transfer reallaşır: dəyəri 750 min, qazancı 200 min avro

admin