20 Sentyabr 2024
Ölkə futbolu

Bəhanələri alt-üst edən adam

Yenilənən stadionda “Sumqayıt”ın “Neftçi” görüşünə əlavə motivasiya ilə çıxacağı bəlli idi. Elə oyun gözlənilən kimi – ev sahibi komandanın qələbəsi ilə başa çatdı.

Ümumiyyətlə, “kimyaçılar”ın cari mövsüm uğurlu çıxışı diqqətdən kənar qala bilməz. Komandanın mövsümün əvvəlində gözlənilməz startı təsadüf kimi dəyərləndirilsə də, artıq yanaşma dəyişməlidir. Çünki Samir Abasovun işi bizi bunları yazmağa, görməyə məcbur edir.

Təcrübəli mütəxəssisin yaratdığı komanda təqdirəlayiqdir və nümunə olmalıdır.

Ötən mövsüm aşağı sıralarda gedən komandanı növbəti futbol ilinə belə hazırlamaq təsadüflə, şansla yox, bacarıqla olur. Yenilən heyətlə dərhal mövsümə adaptasiya olmaq, ötən ilki uğursuzluğu artıqlaması ilə unutdurmaq çox çətin və yetərincə sanballı işdir.

Abasovu bir neçə məqama görə tənqid etmək, bəzən bəyənməmək də olar. Ancaq haqsızlıq edə bilmərik. “Sumqayıt”dakı uğurlu gedişatın əsas səbəbkarı baş məşqçidir. Samir bəyin işi həm də ona görə nümunə olmalıdır ki, “yeni oyunçu”, “təzə komanda” kimi tez-tez rast gəlinən bəhanələrin ardına sığınmadan gücünü göstərə bildi.

Üstəlik çox da geniş olmayan, özünün də ara-sıra şikayətləndiyi kasad heyətlə. Abasov bundan öncə də uğurlu məşqçilər sırasında idi. Bu mövsüm isə möhür vuraraq bunu sübut edir.

Məhdud imkanlarla çalışmaq çox çətindir. Ancaq bu cür qazanılan nəticələr daha da dəyərli olur.

Futbolda sırf öz prinsipi, özünəməxsus ideyaları olan nadir məşqçilər olur. Abasov da onlardandır. O, şablondan uzaq, fərqli mütəxəssisdir. Bunu komandasına da aşılaya bilib.

Bu gün “Sumqayıt”ın çıxışı həm də azərbaycanlı məşqçilərə olan yanaşmanı  dəyişəcək. Deməli, bu qədər çətinliyə, çatışmazlığa rəğmən, azərbaycanlı mütəxəssislər də bacarır!

Milli üçün yerli məşqçilərə üstdən aşağı baxanlar fikirlərini bir daha gözdən keçirsinlər. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43