İdman

“Bakı-2015” Yaponiyanın yayım şirkəti ilə müqavilə imzalayıb

“Bakı-2015” gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarının Yaponiyada yayımlanmasını təmin etmək məqsədilə Tokio Yayım Sistemi (TBS) Televiziyası ilə noyabrın 5-də müqavilə imzalayıb.

“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, pulsuz yayımlanan kanal 17 günlük yarışların, o cümlədən açılış və bağlanış mərasimlərinin, gündəlik maraqlı məqamlardan seçilmiş videomaterialların bütün daxili və yerli platformalar üzrə yayımlanması hüququnu əldə edib.

Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Avropa Oyunlarının Yaponiya bazarında təqdim edilməsi məqsədilə TBS Televiziyası ilə müqavilə imzalamağımızdan çox məmnunuq. İdmansevər xalqın yaşadığı Yaponiyada “Bakı-2015” Avropa Oyunlarına böyük maraq göstəriləcəyinə inanırıq. Yaponiyadakı idman azarkeşlərinin yarışlara baxa bilməsi olduqca xoşdur”.

TBS ümummilli şəbəkəyə, o cümlədən ölkə üzrə 28 filiala malik olan kommersiya yayım şirkətidir. Şirkət, həmçinin ümumi proqramlaşdırma peyk kanalı olan BS-TBS-ni və 24 saat xəbər xidməti göstərən “NewsBird” kanalını, eləcə də ümummilli radio şəbəkəsini idarə edir.

TBS 1997-ci ildən etibarən Yaponiyada atletika üzrə dünya çempionatlarının məxsusi yayım şirkətidir. Həmçinin Olimpiya Oyunlarının, futbol üzrə dünya çempionatlarının və Asiya Oyunlarının yayımını həyata keçirən yapon yayım şirkətləri konsorsiumunun üzvüdür. Şirkət Yaponiyada, eyni zamanda, peşəkar qolf üzrə “The Masters” turnirinin, Peşəkar Qolf Assosiasiyası çempionatının, əsas beysbol liqasının və voleybol üzrə dünya çempionatının yayım xidmətini göstərir.

“TBS Sports”un icraçı vitse-prezidenti Masamiçi Amano qeyd edib: “Bakı-2015” Avropa Oyunları tarixi yarış olacaq. Biz uzunmüddətli və məhsuldar tərəfdaşlığa başlamağımızla fəxr edirik. Birinci Avropa Oyunlarını və Bakının dünyaya təklif edəcəyi yenilikləri Yaponiya tamaşaçısına ötürməyi səbirsizliklə gözləyirik”.

Bu, “Bakı-2015” tərəfindən Ərəb Dövlətlərinin Yayım Birliyi ilə bağlanmış sazişdən sonra imzalanan növbəti müqavilədir. Həmin sazişlərə görə, Avropa Oyunları Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə, eyni zamanda, “L’Equipe 21” kanalı ilə Fransada yayımlanacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, bu sazişlər, birinci Avropa Oyunlarının dünyanın beş qitəsində yayımlanmasını təmin etmək üçün mühüm addımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43