Ölkə futbolu

“Bakı” “Atletiko”yla oynamayacaq: yol uzundu

İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan “Bakı” klubunun yoxlama oyunundakı rəqibləri müəyyənləşib. Azərbaycan təmsilçisi hazırlıq prosesi ərzində 5 oyunda qüvvəsini sınayacaq.

Yanvarın 12-də “Bakı” “Benahavis stadionu”nda Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Bundan 4 gün sonra baş məşqçi Milinko Pantiçin komandası eyni saatda İspaniyanın Sequnda adlanan səviyyəcə ikinci divizionundakı “La Balona”nı “Arroyo En Medio” stadionunda sınağa çəkəcək.

“Bakı”nın növbəti 3 rəqibi isə daha səviyyəli komandalar olacaq. “Zolaqlılar” yanvarın 19-da saat 19:30-da Ukrayna “Dnepr”ini, yanvarın 22-də saat 21:00-da Rumıniyanın “Styaua”sı ilə MFC stadionunda görüşəcəklər. Nəhayət, yanvarın 24-də komandamız saat 19:30-da “Arroyo En Medio” stadionunda Ukraynanın “Dinamo” (Kiyev) klubuna rəqib olacaq.

“Bakı”nın tərəfdaşlıq etdiyi İspaniya “Atletiko”su ilə yoldaşlıq görüşü isə baş tutmayacaq. Marbelyadan Madridədək xeyli yol qət etməyin gərəkliyini nəzərə alan hər iki klub matçın başqa vaxta keçirilməsini məqsədəuyğun sayıb. (Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43