Kateqoriyasız

“Bakı” və “Lans” əməkdaşlıq müqaviləsi imzalayacaq

Parisdə keçirilən beynəlxalq “Top Resa” sərgisinin ikinci günündə Azərbaycanın guşəsi, xüsusən də ölkəmizi idman sahəsində təmsil edən “Bakı”nın stendi böyük maraqla qarşılanır.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov sərgi keçirilən salona təşrif buyurub. “Bakı” rəsmilərindən Nail Əliyev və Yaşar Seyidov səfirə sərginin axarı, eləcə də “Bakı” – “Lans” əməkdaşlığının perspektivləri haqqında məlumat verib.

Təbliğat yönündə müvafiq tövsiyələrini çatdıran Elçin Əmirbəyova “Bakı”nın atributları hədiyyə olunub.

Ardından nəqliyyat, turizm və kommunikasiya üzrə baş direktor Alan Banyo və “Top Resa” sərgisinin direktoru Tomas Despleyn sərgidə Azərbaycan üçün ayrılan yerə baş çəkib. Nüfuzlu qonaqlara Azərbaycanın mədəniyyəti və turizm potensialı haqqında məlumat verilib. “Bakı” – “Lans” əməkdaşlığı, əlaqələrin gələcək perspektivləri haqda məlumat verilib. “Bakı” rəsmiləri qonaqlara həmçinin klubun atributlarını təqdim edib.

Xatırladaq ki, nüfuzlu sərgi  sentyabrın 27-nə qədər davam edəcək. Sabah isə “Bakı” ilə “Lans” arasında əməkdaşlıq müqaviləsinin təntənəli şəkildə imzalanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43