Ölkə futbolu

“Bakını kiçik Dubay adlandırırlar”

“İstr”in idman direktoru Frederik Arpinon məni komandada saxlamaq istəyirdi. Ancaq mənim belə niyyətim yox idi. Baş məşqçi aşkar şəkildə mənə komandada yer olmadığını demişdi. Ona görə də xoşbəxtliyimi sərhəddən kənarda axtarmaq qərarına gəldim. Bu özümü göstərmək şansım idi. Menecerlərimə təşəkkür düşür ki, “İstr”dən azad agent kimi ayrıldım. “İnter”in hazırlıq prosesində iştirak etdim. 3 yoxlama oyununda çıxış etdim və dərhal sonra baş məşqçi müqavilə bağlamağımı istədi”. Bu sözləri Bakı “İnter”inin yeni transferi Yohan Bokonyano deyib.

Fransız futbolçu Bakı haqqında təəssüratlarını bölüşüb: “Bakını kiçik Dubay adlandırırlar. Ölkənin paytaxtıdı, 2 milyon sakini olan şəhərdi! Əminliklə deyə bilərəm ki, Bakı İstr, Ayaçço və Nimdən fərqlidi. Bununla belə, burda hər şey belə gözəl deyil! Hər yerdə binalar var, stadionlar dolmur, ancaq onlar gözəl görünür. Bizim məşqimiz də fərqlidi. Klubda 2 həkim, 2 fizioterapevt və 2 massajçı 24 saatdan bir bir-birini əvəzləyir. Komandanın çalışdırıcısının 3 köməkçisi, eləcə də fiziki hazırlıq və qapıçılar üzrə məşqçi var. Görürəm ki, bura fərqli yerdi”.

Bokonyano “İnter”in Avroliqaya vəsiqə qazanmaq istədiyini bildirib: “Qarşıya yüksək hədəflər qoyulub. Avroliqaya iddialıyıq. Bunun üçün ölkə kubokunun qalibi olmalıyıq. Hazırda 1/4 final mərhələsindəyik. Çempionatda isə ilk pillədən 6 xal geri qalırıq. 16 matçımız qalıb, qalib ola bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43