Ölkə futbolu

“Bakı”nın futbolçusu: “The Capital” azarkeş qrupunun hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm”

“Bakı” klubunun futbolçusu Vüqar Bəybalayev klubun rəsmi saytına müsahibə verib.

İdmanxeber.com müsahibəni təqdim edir:

– “Bakı”ya gəlişini necə xatırlayırsan?

– İlk dəfə Məqsəd Yaqubəliyev əvəzedici heyətın baş məşqçisi işlədiyi
vaxt baxışa gəldim. İlk məşqdən sonra Məqsəd müəllim bundan sonra
bizimlə olacaqsan dedi. Bundan bir ay sonra Gürcüstana Batumidəki
təlim-məşq toplanışına sənədləri hazırlamağı tapşırdı. Beləliklə klubun
üzvünə çevrildim.

– Premyer Liqada debütun Bakıda yox, Tovuz “Turan”ında olub. Bu necə alındı?

– Əvəzedici heyətdə “Turan”a qarşı oyunda “Turan” rəhbəliyi oyunumu
bəyənərək klub rəhbərliyi ilə razılığa gəlib məni istəmişdi. Rəhbərlik
və məşqçilər heyəti mənə ora getməklə böyük futbola, Premyer Liqaya
qalxmaq üçün yaxşı fürsət yarandığını bildirdilər. Mən də düşünmədən
dərhal bu təklifi qəbul etdim. Ertəsi gün icarə əsasında Tovuza
yollandım. Premyer Liqada debütüm də bu klubun heyətində baş tutdu.

– “Turan”dan qayıdandan sonra bir müddət ehtiyatda qalırdın.
İbrahim Uzuncanın baş məşqçi təyinatından sonra daim əsas heyətdə çıxış
edirsən. “Bakı” carı çempionatda əsasən klubun akademiyasında yetişmiş,
oyun praktikası az olan gənclərə güvənməklə milli çempionata yeni bir
etalon gətirdi. Bu komanda ilə çempionata uyğunlaşmaq sənin üçün necə
keçdi?

– Düzün desəm, ilk matçlarda hər birimizə bir qədər çətin idi.
Premyer liqada oynamaq üçün az da olsa, vaxt lazım idi. Göründüyü kimi
bir neçə oyun keçirdikdən sonra komandamız xallar qazanmağa başladı.
Komandadakı gənclər əvəzedicilərin çempionatında bir yerdə oynayıb.
Çoxumuz İbrahim Uzuncanın rəhbərliyi altında çempion olmuş komandadanıq.
Bu amillə yanaşı təcrübəli azərbaycanlı və legionerlərimizin də yaxşı
oyunçu olmasının uğurlarımızda böyük rolu olduğunu düşünürəm. Gənclərlə
çıxış etmək nə qədər çətin olsa da, bu, özünü doğrultmaqdadı.

– İlk dövrə arxada qalıb. Ən çətin oyun hansı oldu?

– Qırmızı vərəqəyə görə buraxdığım matçdan başqa, Premyer Liqanın
bütün oyunlarda iştirak etmişəm. Çempionatda asan oyun və komanda
yoxdur. Bütün oyunlar çətin keçir.

– Bildiyin kimi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa
çempionatının 4 oyunu Azərbaycanda oynanılacaq. Bu vaxta qədər milli
komandamızda nəsil dəyişəcək. Millidə oynamaq, Bir gənc kimi Avropa
çempionatına qatılmaq şanslarını necə görürsən?

– 4 qarşılaşmanın ölkəmizdə keçirilməsi çox gözəl haldır. Millimizi
də həmin Avropa çempionatında görmək istərdim. O vaxta kimi millidə
oynamaq şərəfinə nail olmağı arzulayıram. Bunun üçün çox çalışacağam.

– “Qarabağ” UEFA kubokunda səfərdə “Dnepr”i məğlub etməklə
bütün Avropanı təəccübləndirdi. Komandamızın növbəti mərhələ şanslarını
necə görürsən?

– “Qarabağ” ölkəmizi indiyə kimi layiqincə təmsil edib. Bundan sonra
da elə olacağına şübhəm yoxdur. Növbəti mərhələyə çıxmaq şansı var və
bunu bacaracaqlarına inanıram.

– Akademiyadakı yeniyetmələrə tövsiyyələrin…

– Akademiyadakı yeniyetmələrə ilk öncə nizam-intizama fikir
vermələrini, böyük-kiçik bilmələrini, həmişə böyüklərə hörmət etmələrini
tövsiyə edirem. Birdə ki, çoxlu əlavə məşq etməyi unutmasınlar.

– “Bakı”nı çətin vəziyyətdə tək qoymayan azarkeşlərə nə deyə bilərsən?

– Meydanlara gələn və ya gəlməyib bizi dəstəkləyən hər bir kəsə öz
təşəkkürümü bildirirəm. Hər oyun meydanda komandamızı tək qoymayan “The
Capital” azarkeş qrupunun hər bir üzvünə xüsusi minnətdarlığımı
bildirirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43