Müsahibə

“Bakı”nın icraçı direktoru bütün suallara aydınlıq gətirdi: “Qəbələ” uduzdu, buna deyirsiz iddialı?” – MÜSAHİBƏ

"Bakı" klubunun icraçı-direktoru Yaşar Seyidovun idmanxeber.com saytına müsahibəsi.

– Yaşar müəllim, artıq Əfran və Raufla yollarınızı ayırmaq üzrəsiz. İddialı klubların transfer etdikləri bir vaxtda, siz aparıcı futbolçuları göndərirsiz. Deyəsən vəziyyət artıq pik həddinə çatıb.

Bildiyiniz kimi bu aralar maliyyə məsələsində sıxıntımız var. Bu hər klubun başına gələ bilər. Rauf və Əfranın, eləcə də Cavidin getməsinə səbəb klubdakı məlum durumumuzdu. Açığı Rauf və Əfranla bağlı məsələ sabaha kimi həllini tapmalıdı. Yəni, onlarla qarşılıqlı şəkildə yollarımızı ayıracağıq. Baxmayaraq ki, bizim klubdan gedəcəklər, onların da bu durumunu başa düşmək lazımdı. 

– Belə başa düşdüm ki, siz hər iki futbolçuyla qarşılıqlı razılıq əsasında yolları ayırırsız?

Bəli,. Onların fikirlərinə hörmət edirik. Vəziyyətin bu həddə gəlməsi bizi də sevindirmir. Ancaq onlar milli komandamızın üzvləridi, başa düşmək lazımdı.

–  Raufun "Bakı"yla hələ 1 illik müqaviləsi var. Bir halda ki, Raufla yolları ayırırsız, niyə onu "Xəzər Lənkəran"a satmaqla qazanc əldə etmək istəmirsiz?

Bilirsiz necədi, bu məsələ klub və futbolçu arasında həll olunub. Yəni, biz onu satmayacağıq. Qarşılıqlı şəkildə müqaviləyə xitam veriləcək. İndi elə şeylər var deyə bilmirəm.

– Bu transferdən "Bakı" qazanacaqdı.  Ancaq siz tamam başqa yola əl atırsız. Səbəb nədi?

Yenə deyirəm, bu məsələ futbolçuyla aramızda həll olunub. Bunu deyə bilmərəm.

– Klubun dağılacağı ilə bağlı xəbərlər dolaşır. Bu nə dərəcədə realdı?

Biz hər gün məşqimizi edirik. Bu cür infrastrukturu olan bir klub sizcə dağılarmı?

– Hər gün bir futbolçu göndərilir "Bakı"dan. O zaman çempionatda qalsaz iddiasız "Bakı" görəcəyik. Hər halda gedişat bunu göstərir…

İddiasız deyəndə ki, bu ilə kimi "Bakı" həmişə iddialı olub və bu hər zaman da belə olacaq. Sizi inandırıram ki, biz bu gənc yerli futbolçularla da avrokubolara qatıla bilərik. Bugünə kimi iddialı olub neynəmişik? Və ya digər klublarımız… İndiyə kimi bircə "Neftçi" qrup mərhələsinə düşməklə 3 xal qazanıb, vəssalam. Bundan artıq nə olub ki? Özünüz gördünüz ki, ən bahalı transferləri edən "Qəbələ" Avroliqada özündən qiymətcə ucuz komandaya uduzdu. Hər cür şəraiti olan komanda ən bahalı legionerləri olsa da bir şey edə bilmədi. Buna deyirsiz iddialı? Yəni, içi biz qarışıq, iddialı komanda sözünü Avropada da deməlidi.

– Gənc yerli oyunçularla mübarizə aparacağınızı dediniz. Belə başa düşdüm ki, "Bakı" ikinci "Sumqayıt" kimi Premyer Liqada mübarizə aparacaq?

Baxın, bugunə kimi biz xeyli sayda tanınmış futbolçular gətirmişik. Bahalı transferlər etmişik. Nəticəsi nə olub? Heç nə.. Ona görə də indiki vəziyyət bizim lehimizədi. Yerli oyunçularla mübarizə aparıb, Azərbaycan futboluna, milli komadamıza futbolçu verəcəyik. İnanın mənə, yaxın illərdə "Bakı" futbol klubu milli komandamız üçün ən yaxşı futbolçular yetişdirəcək.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43