20 Sentyabr 2024
Ölkə futbolu

“Balaca bir-iki meydança yaradıb adını akademiya qoymaqla futbolçu yetişdirmək olmur”

“Sabah” Futbol Akademiyasının koordinatoru Təbriz Həsənov İdmanxeber.az saytına müsahibə verib. O, klubun akdemiyasındakı şəraitdən və ölkə futbolunun altyapı problemlərindən söz açıb.

– Futbolumuzda ən böyük problemlərdən biri altyapı, infrasturkturdur. “Sabah” Futbol Akademiyasında durum necədir?

“Sabah” klubu 2017-ci ildə yaranıb, bir il sonra isə akademiya fəaliyyətə başladı. Bilirsiniz ki, akademiyamız Vətən futbol məktəbinin üzərində qurulub. Hazırda da AFFA-nın keçirdiyi bütün yaş qruplarında iştirak edirik. Hamısında da iddialı komandalarımız var. Məqsədimiz Azərbaycan futboluna xidmət etməkdir. İstər Premyer Liqa, istərsə də milli komanda səviyyəsində oyunçu yetişdirmək istəyirik. Bu səbəbdən də klub ilk illərdən “Dinamo” (Zaqreb) Futbol Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Oyunçularımızdan seçilənləri də Zaqrebə göndəririk, beynəlxalq yarışlarda iştirak edirik. Ən vacib məsələlər bunlardı. İnfrasturktur baxmından da çətinliyimiz yoxdur. Hər şey ideal olmasa da, yaxşıya doğru gedirik. Yayda akademiyamızın yeni korpusu açılacaq. Orada da hər şərait olacaq. Bakı klubundan fərqli olaraq, bizdə əyalətlərdən gələn uşaqlar üçün yataqxana və düzgün qidalanma proqramı var. 

– Ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanda Avropa səviyyəli futbolçuların yetişməməsidir. Bunun əsas səbəbi nədir?

– Bu, olduqca uzun mövzudur. Hamı fərqli-fərqli fikirlər deyə bilər. Günahı məşqçilərdə, valideynlərdə, hamıda axtarmaq olar. Ancaq mən heç kimi günahlandırmayacam. Futbolun inkişafı üçün ölkənin hər yerində futbol məktəbləri qurulmalıdır. Özü də kağız üstündə yox. Hər bir şəraiti olan akademiyalar. Daha balaca bir-iki meydança yaradıb adını akademiya qoymaqla futbolçu yetişdirmək olmur. Azərbaycanda bütün kriteriyalara cavab verən futbol məktəbləri nə qədər çox olsa, bir o qədər uğurlu nəticələr olacaq. Hər bir işin başında rəqabət durur. Komandanın daxilində, məşqçilər arasında hər sahədə rəqabət olmalıdır. Əfsuslar olsun ki, bizdə belə deyil. Cəmi iki-üç komanda güclüdür, digərləri isə zəif qalır. Əvvəlcə bunu bərpa etməliyik. Ondan sonra məşqçinin savadı, futbolçunun bacarığı ortaya çıxacaq. İndi isə məşqçi valideyni, valideyn isə məşqçini günahlandırır. Bu işin genetika, mentalitetlə əlaqəsi yoxdur. Oyunçu yetişib-yetişməməyini belə şeylərə bağlamaq olmaz. Futbolu qaldırmaq üçün ilk öncə infrasturukturdan başlamalıyıq. 

– Hazırda akademiyanızda sizi ən çox narahat edən nədir?

Bizdə də, digər akademiyalarda da problemlər olur. Bunu azaltmağa çalışırıq. Məsələn, məşqçilərin maarifləndirilməsi. Bizim bunun üçün çox çalışırıq. Yəqin ki, digərlər klublar da edir. Bu gün AFFA-da Aslan Kərimov, Osman Rəhimov kimi mütəxəssislər var. Yaxşı futbol dərsləri verirlər. Onları izləyirəm, işlərindən çox razıyam. Məşqçilərimiz o kursları keçməlidir. Ümumiyyətlə, Azərbaycanda çox yaxşı məşqçilər var. Ancaq görürsən ki, psixoloji hazırlığı yoxdur. Uşaqla davranmağı bilmir. Uşaqlarla danışmağı, əlaqə qurmağı bacarmaq lazımdır. Bunları mütləq düzəltməliyik. 

–  Yaxın gələcəkdə akademiyanızdan yüksək səviyyəli futbolçular çıxa bilər? Belə istedadda uşaqlar var?

Bəli, çıxa bilər. Buna inanırıq. Biz öz işimizi görürük. Aşağı yaş qruplarımızda yüksək səviyyəli futbolçular var. Onların çox yaxşı futbolçular olacağına inanırıq. Amma təkrar edirəm ki, çox işlər görməliyik. Biz çalışdıqca beynəlxalq turnirlərə gedirik. Yaxşı olar ki, digər komandalarda da belə olsun. Hər yaş qurupu beynəlxalq turnirlərdə iştirak etməlidir. İldə azı 2-3 dəfə belə yarışlarda çıxış etmək lazımdır. Çünki bu təcrübələr uşaqlara çox şey qazandırır. 

– 15-16 yaşlı futbolçuların böyük hissəsinin futboldan getdiyini müşahidə edirik. Sizcə, bunun səbəbi nədir?

Səbəblər çoxdur. Məşqçi günahı, futbolçunun xarakteri və.s. Bu, sırf Azərbaycana aid məsələ deyil. Dünyanın hər yerində 13-14 yaşlı gələcəyin ulduzu adlanan oyunçuların bəzən itdiyini görürük. Bunlar normal haldır. Ancaq mən istərdim ki, bütün akademiyalarda 14-16-17 yaşa xüsusi diqqət yetirən fiziki hazırlıq məşqçiləri olsun. Çünki həmin yaş əzələlərin formalaşan vaxtıdır. Hər əzələ xüsusi olaraq inkişaf etdirilməlidir. Bizdə əfsus ki, belə məşqçilər yoxdur. Fiziki hazırlıq məşqçisi Azərbaycan futbolunda böyük problemlərdən biridir. Bunlar çox vacibdir. Fizoterapivlər, həkimlər mütləq yüksək səviyyədə olmalıdır. Bu işlə məşğul olan şəxsləri xaricdə təcrübə keçməyə göndərmək lazımdır. Çünki bizim oynadığmız meydançalar istənilən səviyyədə deyil. Oyunçularda bu gün görünməsə də, gələcəkdə üzə çıxan zədələr olur. Bu, olduqca mühüm məsələdir. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43