Dünya futbolu

“Barselona” “Şapekoense”ni 5 qolla məğlub etdi – VİDEO

“Barselona” ötən il təyyarə qəzasında faciəvi şəkildə üzvlərinin böyük hissəsi həlak olan “Şapekoense” ilə “Gamper Cup” adlanan yoldaşlıq oyunu turnirində qarşılaşıb. 

Qarşılaşmada Kataloniya klubu 5:0 hesabı ilə qalib gəlib.

“Barselona”nın stadionu “Nou Kamp”da keçiriləcək turnirdən yığılan vəsait Braziliya təmsilçisinin strukturunun formalaşdırılmasına yönəldiləcək.

“Gamper Cup” “Barselona” tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniridi. Klubun yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir komandanın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə “Barselona”nın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilib. Qalibə 10 kq ağırlığında mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram çəkisi olan gümüş kubok verilir.

Ötən il “Sudamerikana Kuboku”nun finalında Kolumbiya təmsilçisi “Atletiko Nasional” ilə oynamaq üçün bu ölkəyə yollanan “Şapekoense”nin təyyarəsi qəzaya uğramış, ümumilikdə 71 nəfər həlak olmuşdu. Komandanın yalnız 3 üzvü Neto, Alan Ruşel və Cekson Follman faciədən sağ qurtula bilmişdilər. Sağ qalan oyunçular da bu gün bu turnir üçün “Nou Kamp” stadionunda olublar. Ruşel qarşılaşmada 36 dəqiqə meydanda olub.

“Barselona” 5 – 0 “Şapekoense”

Qollar: Delufeu, 6, Buskets, 11, Messi, 28, Luis Suares, 58, Denis Suares, 74


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43