İdman

Başdaşını xatırladan stadion (YAZI)

Stadionunun qarşısındakı kassanın bağlı olmağı, fan-şopun fəaliyyətsiz qalmağı sanki Lənkəran üçün futbolsuz həyatın göstəricisidir. “Fırtınalar meydanı”nın səssizliyi, sükutu həm lənkəranlılar, həm də “Xəzər Lənkəran” üçün ağırdır. Bir vaxtlar şəhər küçələrində «Xəzər Lənkəran» deyə hayqıran, komanda ilə ürəkləri döyünən azarkeşlər artıq qeybə çəkiliblər. Lənkəran futbol baxımından sanki qəbristanı, şəhər stadionu isə başdaşını xatırladır. Ölüdən də səs çıxar? Əslində, buna səssizlik deməzdik. Bu gün Lənkəranda futbol mövzusunda danışsaq, uşaqdan böyüyə hamı eyni sualı verəcək – “Xəzər Lənkəran” nə vaxt qayıdır? Ağırdır. “Xəzər Lənkəran”ın öz akademiyasının futbolçularına ümid etdiyi son mövsüm belə burada futbolun yaşadığının göstəricisi idi. İndi isə…

 

 

Lənkəranda olduğumuz 2 gün ərzində şəhərin futbol həyatı, klubun hələ də pis-yaxşı fəaliyyət göstərən futbol akademiyası, stadionun vəziyyəti ilə maraqlandıq. «Xəzər Lənkəran» tarixin yaddaşına köçsə də, bu bölgəni siyahıdan silmək olmaz. Çünki qərb bölgəsi kimi cənub bölgəsi də heç vaxt futbolçu yetişdirmə sarıdan korluq çəkməyib. Sanki bir bulaqdı, sadəcə, gözü tutulub. 

 

 

«Əlavə 2 qrup yaratmaq istəyirik»

 

Yaxşı günlərdə ölkənin ən yaxşı futbol məktəblərindən biri hesab edilən «Xəzər Lənkəran»ın futbol akademiyası fəaliyyətini davam etdirsə də, əvvəlki əzəmətindən çox uzaqdır. Hazırda məktəbdə 3 yaş qrupu fəaliyyət göstərir – U-13, U-14 və U-17. Hər 3 komanda AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Son mövsümdə U-17 komandası 13 iştirakçı arasında 9-cu yeri tutub. U-13 və U-14 komandaları isə final mərhələsinə vəsiqə qazanıblar. Amma 1/4 finalda «ilişərək» medalçılar sırasına düşə bilməyiblər. Akademiyada daha bir qrup fəaliyyətdədir ki, burada 10 yaşına kimi uşaqlar futbolla məşğul olurlar. Hazırda akademiyada 3 yaş qrupunda 60 futbolçu var. Balacaları da nəzərə alsaq, say 100-ü keçir. Amma klub fəaliyyət göstərdiyi vaxtlar məktəbdə bundan 2-3 dəfə çox uşaq var idi. Özü də onların bir qismi ətraf rayonlardan akademiyaya cəlb olunmuşdular. Məsələn, Astaradan, Masallıdan, Cəlilabaddan onlarla uşaq və gənc «Xəzər Lənkəran»ın akademiyasında həm futbolun sirlərinə yiyələnirdilər, həm də təhsillərini davam etdirirdilər. Klubun fəaliyyətini dayandırması ilə bu gözəl iş yarımçıq qaldı. İndi 60 uşaqdan cəmi 2-i Masallıdandır ki, onlar da hər gün valideynlərinin hesabına Lənkərana gəlib-gedirlər. 

 

 

«Xəzər Lənkəran»ın tarixin yaddaşına köçməyi təkcə uşaqların deyil, məşqçilərin də sayına təsirsiz ötüşməyib. Hazırda məktədə cəmi 3 məşqçi var – akademiyanın rəhbəri Ağadadaş Həmidov, Röyal və Xəyal Abbasov qardaşları. 

 

 

Lənkəranda olduğumuz müddətdə akademiyanın uşaqları yay tətilinə buraxıldığından nə onların məşqlərini izləyə, nə də məşqçilərlə görüşə bildik. Əvəzində bir neçə gün sonra Ağadadaş müəllimlə əlaqə saxlayab vəziyyətlə bağlı bilgi ala bildik. Bu ayın 20-dən etibarən qrupar artıq, məşqləri bərpa ediblər. Əslində, məşq prosesi ilə bağlı hansısa problem yoxdur. Yeganə problem yoxlama oyunları ilə bağlıdır. Məlumdur ki, belə oyunlar həm uşaqların oyun praktikasını artırmaq, həm də futbolçuların hazırlıq vəziyyətini öyrənmək üçün vacibdir. Zaman-zaman Masallı, Astara komandaları ilə yoxlama oyunları keçirən «Xəzər Lənkəran»lı uşaqlar bu oyunlarda nəyə qadir olduqlarını tam olaraq ortaya qoya bilmirlər. Çünki həmin komandalar o qədər də güclü deyillər. Zəif komandalarla oyunlarda isə hər şey normal görünə bilər. Ağadadaş müəllim bu problemi yoluna qoymaq üçün Bakı və Sumqayat komandaları ilə yoxlama oyunları keçirməyi planlaşdırdıqlarını və bu barədə rəhbərliyə müraciət etmək fikrində olduqlarını söylədi. 

 

Akademiya rəhbərindən uşaqların idman ləvazimatları və «ekipirovka» ilə təminatı barədə də soruşduq. Həmsöhbətimiz bu sarıdan heç bir problemin olmadığı söylədi. Başqa sözlə, 5-6 il əvvəl vəziyyət necə idisə, indi də elədir. Üstəlik, əsas komandanın avtobusu uşaqların qulluğundadır. 

 

 

Görünən ən böyük problemlərdən biri də U-15 və U-16 komandalarının olmamasıdır. Fikrimizi bir qədər açıq izah edək. Ötən mövsüm U-14 liqasında top qovan 14 yaşlı futbolçu bu il 15 yaşlıların çempionatında oynamalıdır. Lənkəranda isə belə komanda yoxdur. Çıxış yolu nədədir? Gərək ya bu yaşda komanda yaradılsın, ya da həmin uşaqlar məcburən U-17 komandasında çıxış etsinlər. İkinci halda 15 yaşlı uşağın 17 yaşlılar arasında özünü göstərməsi çox çətindir. Ağadadaş müəllim bunun fərqində olduqlarını deməklə yanaşı, bu ildən etibarən daha 2 yaş qrupu yaratmaq fikrində olduqlarını bildirdi: «15 yaşlı uşağın özündən 2 yaş böyüklərlə futbol oynaması bir tərəfdən həmin uşağa yaxşıdır. Çünki daha çox bərkə-boşa düşür. Amma fizioloji baxımdan bu məqam uşağa problemlər yarada bilər. Bu barədə rəhbərliyə məlumat vermişik. Vəziyyətdən halidirlər. Əlavə 2 qrup yaratmaq və bu problemi həll etmək istəyirik».

 

 

Ağadadaş müəllimlə söhbətimizin sonunda ötən ilki 17 yaşlıların sonrakı taleyi ilə maraqlandıq. Başqa sözlə, son mövsüm U-17 liqasında oynayan futbolçuların bu ilki futbol həyatı necə olacaq? Təcrübəli mütəxəssis sualımızı belə cavablandırdı: «Bizdə daha böyük yaş qrupunun olmaması o demək deyil ki, 17 yaşı tamam olmuş futbolçuları taleyin ümidinə buraxırıq. Elə futbolçuları Bakı və digər rayonların komandalarına baxışa göndəririk. Baxışdan uğurla keçənlər həmin komandalarla müqavilə bağlayırlar. Keçə bilməyənlər isə… Futbolla məşğul olan uşaqların hamısının peşəkar futbolçu olması mümkün deyil. Özü də həmin komandalarla müqavilə bağlayan futbolçuları təmənnasız buraxırıq. Təki itib-batmasınlar. Bu, təkcə 17 yaşı tamam olan futbolçulara aid deyil. Əgər aşağı yaş qrupumuzda oynayan hansısa istedadlı uşağı başqa akademiyalardan istəsələr, onların da gedişinə mane olmuruq. Bilirik ki, həmin uşaqlar rəqabət böyük olan yerdə daha çoxunu öyrənə bilərlər. Bu gün fikir versək, akademiyamızın bir uşağının belə adı yığma komandaların siyahısında yoxdur. Amma əslində belə deyil. Yığmalarda bir neçə lənkəranlı uşaq var. Hansılar ki, bir vaxtlar burada futbolun sirlərini öyrəniblər. Sonradan başqa komandalara keçməklə həm də yığma komandalara düşə biliblər. Təbii ki, uşaqlarımızın bu uğurunu görəndə əməyimizin hədər getmədiyinə görə sevinirik».

 

Futbol olmayan yerdə stadion saxlamağın mənası var?

 

 

Lənkəranda olduğumuz müddətdə bizə bələdçilik edən klubun mətbuat xidmətinin sabiq rəhbəri, hazırda stadionun direktoru olan Hüseyn Cəbrayıloğlu əvvəlcə rəhbəri olduğu idman qurğusunun fəaliyyəti barədə təraflı məlumat verdi. Məlum oldu ki, stadion istənilən səviyyədə oyunu qəbul etməyə tam hazırdı. Hər gün qazon suvarılır, işıqlandırma sistemi qaydasındadır, soyunub-geyinmə otaqları, otel də həmçinin. Rəhbərlik əlini stadionun üstündən götürməyib. «Palmali»nin Bakı ofisinin yardımı və stadion ərazisində fəaliyyət göstərən mağazalardan alınan icarə pulu ilə stadionu əvvəlki vəziyyətində saxlamaq mümkün olub. Hətta bu yay bəzi təmir işləri aparılıb. Əvvəlki illərdə Lənkəran çayının daşması nəticəsində stadionun ərazisini 2 dəfə su basmış, isti su sistemini sıradan çıxarmışdı. Bir müddət əvvəl həmin sistemi yenilənib. Hovuzda, bazanın otaqlarında da yenidənqurma işləri aparılıb. 8 il əvvəl Azərbaycan yığması bu stadionda Finlandiya millisini qəbul etmişdi. Bu gün də Lənkəran stadionu o səviyyədə oyunları qəbul etməyə hazırdı. 

 

Məlumdur ki, stadionu bu səviyyədə saxlamaq heç də az xərc tələb etmir. Məsələn, təkcə qazonun suvarılması ayda təxminən 1000 manat pul «istəyir». Bu, ildə 12 min manat edir. Futbol olmayan yerdə stadion saxlamağın mənası var? Həmsöhbətimiz hamının «Xəzər Lənkəran»ın yenidən qayıdacağına inandığını söylədi: «Məhz bu ümid əlimizi yanımıza salmağa imkan vermir. Biz üzərimizə düşən öhdəliyi yerinə yetiririk. Məqsədimiz stadionu əvvəlki səviyyəsində saxlamaqdır. Bu, böyük xərc tələb etsə belə. 3-4 il əvvəl stadionun 85 işçisi var idi. Bura ancaq texniki heyət daxil idi. Akademiyanın müəllimlərini də bura əlavə etsək, işçi sayı 120-i keçirdi. İndi isə cəmi 13 işçimiz var. Onlardan biri işıqlandırma sisteminə, biri qazona cavabdehdir. O ki qaldı öt örtüyündən istifadə etməyə, akademiyanın U-17 komandası ev oyunlarını əsas meydanda keçirir. Digər qruplar isə yardımçı meydanda. Yeri gəlmişkən, oranın da ot örtüyü əla vəziyyətdədir».

 

“AFFA illik büdcəni düzgün istiqamətləndirmir”

 

Hüseyn Cəbrayıloğlu ilə Lənkəran futbolu, ümumiyyətlə, futbolumuzun hazırki vəziyyəti ilə bağlı söhbət etdik. Həmsöhbətimiz futbolumuzun indiki durumundan əksəriyyət kimi ürəkağrısı ilə danışdı:

 

– Bir misal çəkim. Bu il  “Qarabağ”, “Qəbələ”, “Zirə”, “İnter” Avrokuboklarda ölkəmizi təmsil edir. Artıq, «İnter» və «Zirə» yarışlardan kənarda qalıblar. Bu, bir müddətlikdir. Sanki dəniz mövsümüdür, gəldi, getdi. Sonra yenə tribunalar boş qalacaq, maksimum 200-300 azarkeş olacaq. Futbol bölgələrə yayılmasa, inkişaf mümkün deyil. “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması ilə bir rayon yox, bütöv bölgə futbolsuz qaldı. Bizim oyunlarımızda Cəlilabaddan, Masallıdan, Astaradan avtobuslarla azarkeşlər gəlirdi. Akademiyamızda ətraf rayonlardan xeyli uşaq var idi. İndi isə… Bu gün “Səbail” kimi lap 10 komanda yarat, getsin Çemionlar Liqasında mübarizə aparsın. Bu, futbolun inkişafı deyil. Qərb bölgəsi futbolsuzdur. “Kəpəz” Gəncəyə oyundan oyuna gedir. Yəqin xatırlayarsınız, Ağasəlim Mircavadovun vaxtında stadionla bağlı problemdən dolayı komanda Bakıda qalırdı. Lənkəran camaatı az qalırdı yolumuzu bağlasınlar ki, hanı komanda? Deyirdilər ki, “Xəzər Lənkəran” adı varsa, komanda Lənkəranda olmalıdır. Komandanın Bakıda nə işi var? Bu gün hamımız bilirik ki, “Kəpəz” Gəncənin deyil. Sadəcə, formal yaradıblar ki, Aran bölgəsində, cənubda komanda yox, qərbdə də olmasa, biabırçılıq olacaqdı.

 

– I Divizonda bölgələrimizi təmsil edən komandalar kifayət qədərdir…
– Etiraf edək ki, divizion “açıq qumar”dı. Yaxınlarda orada mübarizə aparan komandaların birinin futbolçusu ilə söhbət edirdim. Vəziyyətin biabırçı olduğunu dedi. Söyləyir ki, oynayırıq, birinci hissədə 2:0 uduruq, fasilədə klubun prezidenti gəlir ki, ikinci hissədə 3 top buraxmalıyıq. Belə olanda mən necə məşq edim, necə futbol oynayım, necə namaz qılım? Divizionda oynamaq çıxış yolu deyil, ora bataqlıq kimi bir şeydir. Oynasaydıq, adımız ləkələnəcəkdi.

 

– “Xəzər Lənkəran” AFFA ilə problemləri qabardaraq fəaliyyətini dayandırdı. Amma bu gün 3 yaş qrupundakı komandalarınız da AFFA bayrağı altında oynayır. Yəni, bunu qəbul edirdinizsə, elə həmin vaxt da bir il aşağı liqada oynaya, sonra yenidən Premyer Liqaya qayıda bilərdiniz.
– Azərbaycanın ən güclü futbol akademiyası “Bakı” klubunun olub. Hafiz Məmmədov ora üçün öz cibindən nə qədər pul xərcləmişdi. Eşitdiyim bir hadisədən çox təəccübləndim. Dedilər ki, “Bakı” Futbol Akademiyasına top lazım olub. AFFA-ya müraciət ediblər, federasiya isə cavab verib ki, ödəniş edib götürün. Bilmirəm bu nə dərəcədə reallığı əks etdirir. Bütün bunlar münasibətin göstəricisidir. İndi Ramil Diniyevin adını daha çox hallandırırıq. Birincisi, Ramin nə kəsdir ki, biz ona görə klubun fəaliyyətini dayandıraq. Bu adam futbolçu olub. Futbolçu olan kəs də həmin epizodlarda elə qərarlar verməz.  Bu o demək idi ki, qardaş çıxın, gedin. Biz də çıxdıq, getdik. Ramil Diniyev sadəcə, bizə bir “mesaj” idi.

 

– Deyirsiz ki, çıxıb getdiniz. Bir tərəfdən də, “Xəzər Lənkəran”ın azarkeş kütləsindən, akademiyasından danışırsız. Yəni, bütün bunları heçə sayıb getmək o qədər asan oldu?
– Bütün təzyiqlərə baxmayaraq mübarizə aparmaq patriotluqdur. Açıq danışaq, bu gün “Gilan Holdinq”də problemlər yaransa, sahibinin Azərbaycandakı biznesində axsamalar olsa, sabah “Qəbələ” olmayacaq. “Qəbələ”nin bazası boş qalacaq. Azərbaycanda klub bir sponsordan asılıdır. O sponsor imtina etdisə, klub fəaliyyətini dayandıracaq. Sponsorumuz da bizdən imtina etdi. Deyək ki, iki il klubun sahibi “Xəzər Lənkəran”a görə, iki il Azərbaycan bayrağına görə, bir il gerbinə görə, bir il azyaşlı uşaqlara görə və s. pul xərcləyir. Amma bir limit var. O limit bitəndən sonra heç kim istəmir. Nəsə olmalıdır ki, iş adamları Azərbaycanda futbola yatırım etsinlər. Bir adam pulunu bir il, iki il, uzağı beş il havaya sovuracaq. 18 komandalı çempionatdan gəlib 8 komandalı çempionata düşmüşük. Mənə görə Azərbaycanda 3 klub var – “Qarabağ”, “Qəbələ” və “Zirə”. Qalan 5 komanda “komanda” deyil. Bu gün AFFA həmin klublara desə ki, çıxın meydanda 4 top buraxın, buraxacaqlar. Çünki onların maaşı, pulu oradan gəlir. Harada görünüb ki, klub federasiyadan maliyyələşsin? Məsələn, “Xəzər Lənkəran” kimi bir komanda bilet pulu, fan-şopun hesabı öz xərcinin yalnız 5 faizini ödəyə bilirdi. Qalanını yenə sponsor xərcləyirdi.

 

– Mübariz Mənsimovun sponsorluğundan söz düşdüsə, “Xəzər Lənkəran”ın idarəçilərindən də danışaq. Konkret olaraq Mais Mənsimovun və Tuyqun Nadirovun idarəçilik siyasəti nə dərəcədə düzgün idi?
– Aydın məsələdir ki, idarəetmədə problemlər var. Bunu vaxtilə jurnalist kimi fəaliyyət göstərəndə də demişəm, indi də deyirəm. Bəlkə də elə etmək olardı ki, klub büdcəsini 5 faiz yox, 40 faiz həmin işlərlə təmin edərdi. Amma elə şeylər də var ki, bizdən asılı deyildi. Klub rəhbərliyi deməmişdi ki, Mustafa Dənizlini göndərin, burada 6 ay işləyib, milyonları götürüb getsin. Həmin pulla 3 il Azərbaycanda 18 komandalı çempionat keçirmək olardı. Onu burdan istəməyiblər axı. İstanbuldan görülüb bu işlər. Hansıki həmin adamlar indi işdən qovulublar. Onların gördüyü işlərin nəticəsi idi bütün bunlar. Kənardan bir jurnalist kimi də, 2014-cü ildəki uğursuzluqlara görə klub rəhbərliyini tənqid etməzdim. Rəhbərlik həmin il konkret olaraq Mirça Redniki gətimək istəyirdi. Amma İstanbuldan müdaxilə edildi. 

 

– Onda belə çıxır ki, “Xəzər Lənkəran”ı Mübariz Mənsimovun Mustafa Dənizli təyinatı uçuruma aparıb?
– Ümumiyyətlə, “Xəzər Lənkəran”ın bu gün olmamağı nə klub idarəçiliyi, nə də Mübariz Mənsimovun biznesi ilə əlaqəli bir iş deyil. Sadəcə, “Xəzər Lənkəran” burada olmaq istəmədi və olmadı. Maliyyə problemi var idi, yox. Klubdakı idarəçilərdən incimişdi, xeyr. Yenə onlar öz işlərinin başındadır. Axırıncı oyunumuzda bizə birbaşa mesaj verildi ki, çıxın gedin.

 

– Stadionun həyətindəki bazanı gördüyümüz vaxt, azarkeşlərin Mustafa Dənizlini istefaya səsləməsini xatırladım. Həmin dövrdə görünən o idi ki, komanda Dənizlidən yorulmuşdu və onun getməyini istəyirdi. İddialar da var idi ki, həmin azarkeşlər stadionun həyətinə məhz rəhbərliyin icazəsi ilə girmişdi.
– “Xəzər Lənkəran” rəhbərliyi onu etdirsəydi, stadionda, tribunada etdirərdi. Qəbələdə oyun olanda məğlub olduq. Bakıdan gələn azarkeşlər avtobusun qarşısını kəsib, Mustafa Dənizlidən hesabat tələb elədilər. O da çıxdı və dedi ki, növbəti mərhələyə keçəcəyimizə söz verirəm. Mərhələni keçə bilmədik. Azarkeşlər də gəldilər ki, o bizə söz vermişdi, indi cavab versin. Aydın məsələdir ki, mühafizə var. Amma nəzərə alın ki, 200 xüsusi təlimli itlərlə təmin olunmuş Daxili Qoşun əsgərləri, 150-dən çox polis işçisi ola-ola “Xəzər Lənkəran” azarkeşləri “Neftçi” ilə 2013-cü ildəki məlum oyundan sonra dəmir darvazaları yerlə bir edib, “Neftçi”ni paltardəyişmə otağına qədər getmişdilər. Həmin otağa 100 metr qalmış gözyaşardıcı qazın hesabına geri çəkilmişdilər. 

 

– Bir az əvvəl idarəçilikdəki problemlərdən danışdıq. Maddi durumu bu qədər yaxşı olan bir komandanın adı ancaq futbolçulara olan borcu ilə, onlarla olan məhkəmə çəkişmələri ilə diqqət mərkəzində idi. 
– İdarəetmədəki probelemləri heç kəs inkar edə bilməz. Bəli, var. Amma götürək “Qəbələ”ni. “Qəbələ” “Xəzər Lənkəran”dan az pul xərcləyib ki? “Qəbələ” çempion olub? Yox. Amma “Xəzər Lənkəran” güclü rəqabət vaxtı çempion olub. “Qəbələ” isə 8 komandalıq çempionatda belə lider ola bilmədi. Avroliqanın qrupuna düşdü, bunu alqışlayırıq. Pulu hamı xərcləyir, amma nə olsun? Bu gün deyə bilərik ki, həmin pulun 1/3 hissəsini xərcləmək olardı, bu başqa söhbət. Amma etiraf edək ki,  Azərbaycanda klub idarəçiliyində futbolu bilən adamlar çox azdır. Bu gün mətbuat katibləri işlərini dəyişir, idarəetmədə təmsil olunurlar. Bu çox yaxşı haldır. Belə olan vəziyyətdə yaxın 10 ilə klub idarəçiləri yetişəcək. Fakt odur ki, indi yoxdur. Klub o vaxt böyük olar ki, onun güclü idarəçiləri, konqresi olsun. Yoxsa ki, klubun 200 azarkeşi var. Nə hesabatı verəcək ki, onlara? Həmkarlarımızdan biri “Gənclərbirliyi” – “Neftçi” oyununun şəklini paylaşmışdı. Bu gün deyirik ki, futbolumuz belə inkişaf edib, elə irəliləyiş var. Həmin fotodakı tribunaya baxın, azarkeşə baxın. Futbolun ölçü vahidi odur. 

 

– Bəlkə komandalar azarkeş siyasətini düzgün aparmır?
– Guya 2007-ci ildə “Neftçi”nin siyasəti düzgün idi ki, stadiona bu qədər adam gəlirdi? Yox, futbola maraq yaratmışdılar. Avroliqada qrupa düşmək Azərbaycan futbolunun inkişafı deyil. 2007-ci ildəki kadrlara baxın, nə qədər azarkeş var. Bir də indiki boş tribunalara baxın. 

 

– Bunun qarşısını AFFA alır ki? 
– AFFA illik büdcəni düzgün istiqamətləndirmir. Bu işdən başı çıxan bir nəfəri gətirsinlər, alman olsun, protuqal olsun, kim olur olsun. Hamı da çəkilsin kənara. Görün ki, o 20 milyonla Azərbaycanda 26 komanda yaradırlar, ya yox? Ən pis halda 5 ildən sonra Azərbaycan yığmasının uğurlarını görün. Hesabat konfransında deyirlər ki, uşaq futboluna 2 milyon pul xərcləyirik. Çıxaq bölgələrə, görək, AFFA sonuncu dəfə top, forma nə vaxt verib? Bölgəyə sonuncu dəfə nə vaxt AFFA nümayəndəsi gəlib? 

 

– Yəqin “Xəzər Lənkəran” azarkeşləri ən çox “Neftçi” üçün darıxırlar…
– Bu gün “Neftçi”nin ən radikal azarkeşləri belə deyirlər, sosial şəbəkələrdə yazırlar ki, “Xəzər Lənkəran” qayıtmasa, “Neftçi” əvvəlki əzəmətini qaytara bilməyəcək. O vaxt baxırdıq ki, “Neftçi” müdafiəyə 400 minlik oyunçu aldı, “Xəzər Lənkəran” 600 minlik alırdı. İki klub bir-biri üçün yaşayırdı. İndi 8 komandalıq çempionatdan sonra görün nə qədər klub rəsmisi, məşqçi, futbolçu işsiz qalıb. Vaxtilə “İnşaatçı”, “Pambıqçı” və bu kimi klublar var idi. 1992-ci ildə çempionatda 26 komanda oynayırdı. İndi heç olmasa 16 komanda olsun. Cənub bölgəsində olan 7 rayonda futbola həvəsi olan uşaq hara getsin? Sonra da gedib milliyə Şeydayevi, ya da başqalarını gətiririk. Bu inkişaf deyil. Quyuya su tökməzlə quyu dolmaz. Tovuz milliyə sonuncu dəfə nə vaxt futbolçu verib? Bilmirik. Amma Tovuzda 5 il futbol olsun, milliyə ən azı 10 futbolçu verəcək. Deyirlər ki, “Xəzər Lənkəran” nə iş görüb ki?  AFFA-nın saytına baxın, “Xəzər Lənkəran” və “Bakı”nın yetirmələrindən başqa tək-tük klubların aşağı yaş qruplarının yetirməsini görəcəksiniz. Məsələn, “Qəbələ”də görülən işləri alqışlayıram. “Qəbələ”ni də çox sevirəm. Hamı anlayır ki, bu işlər Azərbaycan üçün görülüb. Amma “Qəbələ” futbolçu yetişdirməyib. “Qəbələ” oradan-burdan futbolçuları akademiyasına cəlb edib. 7 rayona adamlar təyin ediblər, harada bir istedadlı uşaq görürlər, valideynini 3-5 manatla razı salıb uşağı “Qəbələ”yə aparırlar. Bu futbolçu yetişdirmək deyil. Düzdür, indi nə yaxşı ki, ora var, sağ olsunlar, gedib orada qalır, futboldan kənar olmurlar. Lakin valideynlər tanıyıram ki, 10 gündən sonra ağlayırlar, uşaqlar ağlayır. Bir-biri üçün darıxırlar. Bu iş deyil ki. Ata-ana övladından xəbərsiz, bilmir haradadır, kimlərlə oturub-durur, nələrə qurşanıb.  Gözünün qabağında olsa, öz rayonunda olsa yaxşı deyilmi?

 

İlkin, Azər / «Het-trik news» 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43