Layihə

Başlanğıcı xəyal, sonluğu real – LAYİHƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan  İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 1-ci yazı

Bu gündən yeni layihəyə start veririk. Mövzu isə yetərincə aktualdır. İlin sonunadək olan müddətdə yığma komandadan danışacağıq. Bu istiqamətdə ilk yazımız DÇ-2018-də yığmamızın çıxışının təhlilidi.



DÇ-2018-in seçmə mərhələsinin oyunları da artıq geridə qaldı. Yığmamız üçün uğrulu başlayan amma arzuolunmaz şəkildə bitən “tsikl”da qazancımız 10 xal oldu. Bu seçmə mərhələlər tarixində yığdığımız ən çox xal ehtiyatı kimi də tarixin yaddaşına köçdü. Ancaq diqqətlə fikir verəndə ki, xallardan 6-sını San Marino kimi çox da güclü olmayan futbol ölkəsinin yığmasından qazanmışıq, yenə də istənilən səviyyəyə çatmadığımız gün kimi aydın olur. Yer aldığı C qrupunda (Almaniya, Şimali İrlandiya, Norveç, Çexiya, San Marino) 10 oyuna çıxan və yığdığı 10 xaldan 7-sini ilk 3 oyunda toplayan milli komandamızın qazancı daha da çox ola bilərdi. İlk iki qələbədən sonra “Niyə də yox?” devizinin bizi Rusiyada təşkil olunacaq Dünya çempionatına aparacağına belə ümid etmişdik. Amma sən ilk 3 oyuna 7 xal say, gör qrupdakı digər komandalar nə sayır? Yazılanlardan da hiss olunduğu kimi mövzumuz yığmamızın DÇ-2018-in seçmə mərhələsinin C qrupunda keçirdiyi oyunların təhlilinə həsr olunub.



Uğurlu siftə

Rusiyada keçiriləcək mundialda iştirak etmək yolunda ilk sınağına 2016-cı ilin sentyabrın 4-də çıxan futbolçularımız San Marinonun stadionunda meydan sahibləri ilə üz-üzə gəldi. Matçın favoritini Azərbaycan yığması hesab edənlər millimizin böyükhesabla qələbə qazanacağına da inanırdılar. Lakin oyunları demək olar heç vaxt “menşi” gəlməyən San Marino qarşısında futbolçularımız cəmi 1 qolla qələbə qazana bildi ki, həmin dəqiq zərbə də matçın 45-ci dəqiqəsində qeydə alındı. Əfran İsmayılovun qapı qarşısına ötürməsindən sonra ikinci mərtəbədə hamını qabaqlayan Ruslan Qurbanov başla toru silkələdi. Baxmayaraq ki, fasiləyə qədər Robert Prosineçkinin yetirmələri bir neçə dəfə qola yaxın idi. İkinci yarıda da “cırtdan ölkə” qeyri-adilik nümayiş etdirə bilmədi. Əvəzində matçın son saniyələrində boş qapını dəqiq nişan ala bilməyən Namiq Ələsgərov və yığma komandamızın heyətində ilk dəfə meydana daxil olan (88-ci dəqiqədə) Ramil Şeydayevin qol epizodunu boşa verməsi yadda qalan oldu.

22 ildə ilk 

Növbəti oyununu oktyabrın 8-i keçirən millilərimiz Bakı Olimpiya Stadionunda Norveç yığmasını qəbul etdi. AVRO-2016-nın seçmə oyunlarında da Norveç yığmasına rəqib olan komandamız rəqibi ilə Bakıda keçirdiyi oyunu məğlub başa vurdusa, səfərdən 1 xalla dönməyə nail olmuşdu. Bu səbəbdən Skandinaviya təmsilçisi ilə görüşdə qələbə mümkünsüz görünmürdü. Sakit tərzdə start götürən Azərbaycan – Norveç qarşılaşmasının 11-ci dəqiqəsində hesabı açan oyunçularımız stadiona toplaşan yerli azarkeşləri sözün ən yaxşı mənasında şoka saldı. Milli komandamızın heyətində ilk qolunu vuran Maksim Medvedev azarkeşlərimizi DÇ-2018-in final mərhələsi üçün erkən ümidləndirdi. Oyunun gedişində, rəqib qapısında növbəti qol epizodlarını yaratmaqda çətinlik çəkən futbolçularımızın zəhmətini qapıçı Kamran Ağayev boşa çıxarmadı. Bir çox epizotda komandamızı real qollardan xilas edən “əlcək sahibi” Azərbaycanın qələbəsində əsas pay sahibi oldu. Bu nəticə ilə milli yığmamız həmçinin, 22 illik tarixində ilk dəfə ardıcıl 2-ci qələbəsini rəsmiləşdirdi. 


DÇ-2018: Çexiya - Azərbaycan (fotoreportaj)

 

Növbəti ilk

Bu matçdan 3 gün sonra futbolçularımız tarixi nəticənin ardını gətirməkdə davam etdi. Ostravada Çexiyanın qonağı olan futbolçularımız ilk dəqiqədən müdafiə futboluna üstünlük verməyə başladı. Meydan sahibləri bir neçə vəziyyətdə qola yaxın olsa da, qapısını alınmaz qalaya çevirən Kamran Ağayev ilk 2 görüşdə olduğu kimi növbəti matçda da rəqib komandanın fərqənməsinə mane oldu. Beləliklə ardıcıl 3-cü oyunda qapısında qol görməyən və məğlub olmayan milli komandamız növbəti tarixi uğura imza atdı. İndiyə qədər heç bir seçmə mərhələyə belə uğurlu start verməyən futbolçularımız bir “tsikl”da səfərdə 4 xal toplamaqla da növbəti yeniliyə imza atdı. Çexiya ilə oyundan sonra Rusiya xəyallarını bir az da geçəkləşdirn milli komandamızın uğursuz günləri isə hələ qabaqda idi.

DÇ-2018: Şimali İrlandiya - Azərbaycan (fotoreportaj)

 

Belfastda başlayan “qara gün”

Növbəti rəqib Şimali İrlandiya seçməsi oldu. Belfastda meydana çıxan Robert Prosineçkinin yetirmələrinə ümid böyük olsa da, nəticə reallıq idi. İlk 3 qarşılaşmada meydanı xalsız tərk etməyən Azərbaycan yığması bu matçda da uduzmamaqla ən uzun yenilgisizlik seriyasını ikicni dəfə davam etdirə bilərdi. ( DÇ-2014-ün 2013-cü ildə baş tutan seçmə görüşlərində yığmamız Lüksemburq, İsrail, Şimaili İrlandiya və Rusiyaya uduzmamışdı ) Lakin futbolçularımızın ilk 3 matçda 7 xal toplamasının təsadüfü olduğunu sübuta yetirən irlandlar fasiləyə qədər artıq rəqibini 2 dəfə mərkəzə dəvət etdi. 90 dəqiqə ərzində rəqibimizi 4 cavabsız qola üstələyən Şimali irlandiya seçməsi millimizin “qara günlər”inin təməlini qoydu. Oyun boyu bütün komponentlərdə rəqibindən geri qalan oyunçularımız qapıya 8 zərbə endirməyə cəhd göstərdi ki, yalnız bir vuruş qapıya düşdü.

DÇ - 2018: Azərbaycan - Almaniya (fotoreportaj)

  

Bakıda alman “sillə”si

Bu matç həmçinin milli komandamızın 2016-cı ildə keçirdiyi sonuncu rəsmi oyun kimi yadda qaldı. Növbəti rəqibi Almaniya olan millimizin bu görüşdə xal almasına inananlar elə də çoxluq təşkil etmirdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmaya gözlənildiyi kimi sürətli başlayan qonaqlar qol istəyinə 19-cu dəqiqədə çatdı. Ancaq ilk yarım saatın tamamı ərəfəsində bundestim mərkəzə dəvət olundu. Keçirdiyi ilk 4 görüşdə qapısının toxunulmazlığını maksimum saxlayan almanlar Azərbaycanda ilk qolu qapısında gördü. Dmitri Nazarov status kvonu yaxalasa da, fasiləyə üstün yollanan qonaqlar oldu. Ümumilikdə 4:1 hesablı qələbə qazanan Yoahim Lövün komandası millimizi ardıcıl 2-ci dəfə məğlubiyyətə uğratdı.

 

Yaxşı oyun, pis nəticə

DÇ-2018-in seçmə oyunlarında millimizə ilk məğlubiyyəti yaşadan Şimali İrlandiya millisi 6-cı oyunda Bakıda Azərbaycanın qonağı oldu. Belfastdakı ilk görüşdən fərqli olaraq zəif təsir bağışlayan irlandlar qapılarında bir neçə dəfə təhlükəli qol vəziyyətləri ilə qarşılaşsalar da, yığmamız qonaqları cəzalandıra bilmədi. Millimizə böyük ümidlərlə cəlb olunan Ramil Şeydayev ilk hissədə inanılmaz qol fürsətini boşa vemrəklə Şimali İrlandiya millisinə rahat nəfəs aldırdı. İkinci yarıda da rəqib qapısında tez-tez görünən futbolçularımız nəticəni dəyişə bilməyincə, qonaqlar son saniyələrdə vurduqları qolla millimizi xəyal dünyasından oyatdı. Ş. İrlandiya eyni zamanda DÇ-2014-ün seçmə mərəhləsində Bakıda aldıqları 0:2 hesablı məğlubiyyətin də əvəzini çıxdı.




4-cü məğlubiyyət

Təxminən 2 ay sonra yığmamızın növbəti səfəri Osloya oldu. İkinci oyununda məğlub etdiyi Norveç bu dəfə millimizi evdə qəbul edirdi. Ümumilikdə 6 dəfə qarşılaşan tərəflərin duelində meydan sahibləri 4-cü qələbəsini qazanaraq azərbaycanlı futbolçuları evə əliboş yola saldı. Oyunboyu 1 dəfə belə künc zərbəsi yerinə yetirməyən, cəmi 2 dəfə çərçivəyə düşən futbolçularımız əvəzində qırmızı vərəqə və avtoqolla yadda qaldı. Belə ki, Bədavi Hüseynov yığmadakı karyerası ərzində 2-ci dəfə meydanı vaxtısız tərk edirdisə, Rəşad Sadıqov 4-cü dəfə anti-qəhrəmana çevrildi. Bu məğlubiyyətə qədər 4-cü sırada yer alan millimiz həmçinin yerini skandinaviyalılara təhvil vermiş oldu.


Son qələbə və ilklər…

3 gün sonra Azərbaycan yığma komandası  növbəti oyununu keçirdi.  “Tsikl”ın ilk qarşılaşmasında səfərdə məğlub etdiyi San Marinonu bu dəfə “Baksell Arena”da qəbul etdi. Bu oyuna qədər  mundial şansı kağız üzərində belə olsa qalmaqda idi. DÇ-2018-ə getmək üçün son şans olan pley-offa yüksəlmək nəzərə cəhətdən mümkün olsa da, buna insan tapmaq olmazdı. İnanılmaz möcüzənin baş verməsi üçün öncə millimiz San-Marinonu udmalı, ardınca Şimali İrlandiya Çexiya matçında qonaqların qələbəsini gözləməli idi. Yığmamız öz üzərinə düşəni etsə də, çexlərin meydanı başıaşağı tərk etməsi ümid zərrəsinin üzərindən xəttə çəkdi. Ümumilikdı isə San Marino üzərində qazanılan 5:1 hesablı qələbə xal ehtiyatımızı 10-a çatdırdı. Bu, yığmamızın sçemə mərhələlər tarixində ən yüksək göstərici demək idi. Komandamız həmçinin tarixində ilk dəfə 1 görüşdə rəqib qapılarına 5 dəfə yol tapdı.

 

Kapitan məğlub getdi

Yığma komandamızın evdəki son sınağı isə Çexiyaya qarşı oldu. Bakı Olimpiya Stadionunda rəqibini qəbul edən millimiz üçün bu görüş başqa mənada önəm kəsb edirdi. Millimizin kapitanı Rəşad Sadıqov çexlərlə matçda son oyununa çıxırdı. Seçmə mərhələlər tarixində 60, ümumilikdə isə 111 dəfə Azərbaycanın formasını ən çox geyinən Rəşadı komanda yoldaşları məğlubiyyətsiz yola salmaq istəsələr də, bu mümkünsüz oldu. Yaxşı ki, Kamran Ağayev matçı yüksək səviyyədə keçirdi. Ağayevin bir neçə epizoddakı gözəl seyvi, həmçinin bəzi vəziyyətlərdə çexiyalı hücumçuların qeyri-dəqiq zərbələri, bəlkə də, 4-5 top fərqli məğlubiyyətin qarşısını aldı. “İkinci mərtəbə”də rəqiblə ayaqlaşa bilməyən komandamız hücumda bir varlıq göstərə bilmədi. Daha istəkli görünən qonaqlar son nəticədə 2:1 hesablı qələbəyə sevindi.



Alman yenə rəhm etmədi

Millimiz üçün 1 il 4 gün davam edən DÇ-2018-in seçmə oyunlarında son dayanacaq Almaniya səfəri oldu. Bu matçda kimsə millimizdən artıq nəsə gözləmirdi. Ən yaxşı halda, baxımlı və məzmunlu oyun. Hardasa elə də oldu, amma ilk hissə… Tək ona görə yox ki, fasiləyə qədər qapımızda cəmi 1 qol gördük. Həmçinin bu qolun cavabını verərək səfərdə Almaniya kimi dünya nəhəngi qarşısında birinci hissəni bərabərə bitirdik. Az şey deyildi. Üstəlik Ramil Şeydayevin son dünya çempionunun müdafiəçilərini çaş-baş salaraq toru havalandırmasını da görməyə adət etməmişik. Şeydayevin dəqiq zərbəsi, yığmanın heyətindəki ilk qolu kimi tarixə keçdi. Bununla belə millimiz ikinci hissədə özünə oxşadı və qapısında ardıcıl 4 qol görməklə 1:5 hesablı məğlubiyyətə razı oldu. 

Beləliklə millimiz üçün nağıl kimi başlayan amma reallıqla bitən DÇ 2018-in seçmə mərhələsi 3 qələbə, 1 heç-heçə və 6 məğlubiyyətlə sonuçlandı. Ümumilikdə rəqib qapılarından 10 qol keçirən futbolçularımız AVRO-2012-dəki məhsuldarlıqlarını təkrarlayıblar.


“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43