Müsahibə

“Başqa şansımız qalmayıb” – MÜSAHİBƏ

“Simurq”un futbolçusu Nicat Qurbanov klubun rəsmi saytına müsahibə verib.

– Növbəti dəfə komandamızın heyətinə icarə əsasında qatıldın. Niyə məhz yenidən “Simurq”u seçdin?

– Buraya gəlməyimin ilk səbəbi “Simurq”da “Neftçi”dən fərqli olaraq heyətə düşmək şansım çox idi. Həmdə artıq bu kollektiv mənim üçün doğmalaşıb. İki ildir ki, “Simurq”un formasını geyinirəm. Mövsüm bitdikdən sonrada yenidən buraya qayıtmaq haqqında düşünürdüm. Çünki bura təcrübə qazanmaq baxımından da, mənə çox kömək edir. Futbolçu üçün ən əsas amil oynamaqdır. Şükür ki, hazırda istəyimə çatmışam və “Simurq”un uğurları üçün mübarizə aparıram.  

– “Simurq”un hazırkı durumu haqqında nə düşünürsən?

– Meydançamızın təmir olunması ilə əlaqədar olaraq, demək olar ki, 14 turu səfərdə keçirdik. Bu oyunlarda çox vacib xallar itirdik. Artıq doğma arenamıza qovuşmuşuq. Düşünürəm ki, bundan sonra daha yaxşı oynayıb müsbət nəticələr qazanacayıq. Azarkeşlərimizin qarşısında oynamağımız bizim üçün ikiqat məsuliyyət yaradacaq. Bundan sonra xal itirmək şansımız yoxdur. Çünkü geridə qalan oyunlarda buraxdığımız səhvləri düzəltməliyik. Daha yaxşı oynayıb, nəticə qazanmalıyıq.          

– “Araz”la oyunda forma geyinməsədə, kənardan komandanın bir üzvü olaraq “Simurq”un məğlub olmasına səbəb nəyi gördün?

– Səbəb deməzdim. Sadəcə bu görüşdə bəxtimiz gətirmədi. Oyuna çox yaxşı başlamışdıq. Hətta hesabda önə çıxmışdıq. Ancaq buraxdığımız qollar oynumuza mənfi təsir elədi. Deyərdim ki, “Araz”ın bəxti gətirdi bu görüşdə. Penaltilər isə bir lotoriyadır. Burdada şans bizdən yana olmadı. Meydan amili və kənar müdaxilədə bizə təsir göstərdi. Bu cür bərbad meydanda futbol oynamaq qeyri-mümkündür. Düzdür kubokdan kənar qaldıq. Buna görədə çox məyus olduq. Ancaq bu futboldur. Hər dəfə istədiyin nəticəni qazana bilmərsən. Artıq bu oyunu unutmalıyıq və unutmuşuq. Bizi qarşıda daha ciddi və çətin oyunlar gözləyir. Bu görüşlər haqqında düşünməliyik. Fikrimizi bu oyunlara yönləndirib, qələbə qazanmalıyıq.  

– Növbəti rəqib “Qəbələ”dir. Bu oyun haqqında nə düşünürsən?

– Yenə qeyd etmək istəyirəm ki, bizim artıq başqa şansımız qalmayıb. Bütün gücümüzü ortaya qoyub yalnız qələbə qazanmaq haqqında düşünürük. Bu görüşə çox ciddi hazırlaşmışıq. Allahın köməkliyi ilə üç xal qazanmaq üçün meydana çıxacayıq. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün qalib gəlməliyik. İtirəcəyimiz hər bir xal bizi Avrokuboklardan uzaqlaşdıra bilər. Fasilədədə səhvlərimiz üzərində işləyib, mövsümün sonunda azarkeşlərimizi və rəhbərliyi sevindirmək istəyirik. Bu bizim borcumuzdur.  

– Komandanın gənc üzvü kimi, azarkeşlərimizə nə deyərdin? Sizlər onlara geridə qalan məğlubiyyəti unutdurmaq üçün nə etməlidir?

– Əlbəttə, son oyun ağır keçdi və nəticə heç bir kəsin ürəyincə olmadı. Ancaq azarkeşlərimiz üzülməsin. Onlara bu məğlubiyyəti unutduracayıq. Çempionatın bitməsinə hələ var. Qarşıdakı oyunlarda qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyimizə inanıram. Çünkü bu mövsüm onları çox məyus etmişik. Ev oyunlarımızı doğma arenada keçirmədiyimizdən, bizi dəstəkləmək üçün uzun məsafə qət edirdilər. Bundan sonra çalışacayıq ki, gözəl oyunlarla qazandığımız qələbələri onlara həsr eləyək. Onlarda bizi yalnız buraxmasınlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43