Layihə

“Bazası olmayan klubun avrokuboklara yollanması cinayətdir” – LAYİHƏ

Premyer Liqanın 3-cü dövrəsinin startına çox qalmayıb. Mövsümün ikinci yarısına ölkə xaricində hazırlaşan da var, imkansızlıqdan Bakıda toplanış keçən də. Cəmi 2 elita klubu qış fasiləsində ölkəni tərk etmədi. Onlardan da biri Azərbaycanın 2-ci ən titullu klubu olan “Kəpəz”dir. Gəncə təmsilçisinin hazırlığını yaxından izləmək üçün 3 gün əvvəl komandanın məşqini canlı izlədik. Hazırlıq prosesi başa çatdıqdan sonra baş məşqçi Şahin Diniyevə suallarımızı ünvanladıq:

“Büdcəmiz transfer etməyə imkan vermir”

– Təlim-məşq toplanışı necə keçir?

– Yanvarın 11-dən məşqləri bərpa etmişik. İki gün yüngül məşq etdik. Bundan sonra əsas hazırlıq prosesi start götürdü. Gündə iki dəfə məşq edirik. Səhərlər fiziki hazırlığa, axşamlar toplu çalışmalara üstünlük veririk. Əsas istəyimiz fiziki durumu qaydasına salmaqdır. Bir çox klublar heyətini gücləndirib. Büdcəmiz transfer etməyə imkan vermir. Məcburuq ki, öz futbolçularımızı gücləndirək. Bu səbəbdən ağır yüklənmədən istifadə edirik. Komandadan çox razıyam. Futbolçular başa düşür ki, 3-4-cü dövrələr bizim üçün daha çətin keçəcək. Ona görə də daha çox çalışmalıyıq. Artıq geriyə yol yoxdur. İtirəcəyimiz bir şey qalmayıb. Ölkə kubokunda mübarizəni dayandırdıqdan sonra ümidimizi çempionata bağlamışıq. Mənə elə gəlir ki, Avroliqaya vəsiqə qazanmaq üçün daha çox çalışmalıyıq. Futbolçular da bunu başa düşür. Birinci dəstə klublarıyla yoxlama oyunları keçirərək toplanışı başa vuracağıq. Sauna, hovuz və masaj vasitəsilə yüklənmədən sonra bərpa olunacağıq. İki günlük istirahətdən sonra “İnter”lə oyuna hazırlaşacağıq.

– Dario Federiko və Renanı məşqdə görmədik. Bunun səbəbi nədir?

– Onların bileti ayın 10-na idi. İstanbuldakı kəskin hava şəraiti uçuşların ləngiməsinə səbəb oldu. Məndə olan məlumata görə, Rio de Janeyrodan İstanbula 300-dək reys dayandırılıb.

– Federiko bu mövsüm də zədədən qaça bilmədi. Ancaq ötən mövsümlə müqayisədə tez sıraya döndü. Əvvəlki formasını bərpa edə bilib?

– Yox. Ona lazımdır ki, yaxşı toplanış keçsin. Fiziki hazırlığını tam qaydasına salmalıdır. Bu məqsədlə onunla fərdi işləyəcəyik.

“Uğursuzluğun səbəbini özümdə axtaracağam”

– Komandadan nə gedən var, nə də komandaya gələn. Bunun müsbət tərəfi çoxdur, ya mənfi tərəfi?

– Real danışsaq, hər məşqçi istəyər ki, zəif mövqeləri gücləndirmək üçün bir neçə transfer etsin. Buna ehtiyac vardı. Ancaq maliyyə durumumuza görə həyata keçirə bilmədik. Bəzi mövqeləri gücləndirməliydik. Ümid edirəm ki, komandadakı futbolçular məsuliyyəti dərk edəcək. Böyük iclasımız oldu və futbolçularla söhbət etdim. Məncə onlar da vəziyyəti başa düşür. Daha məsuliyyətlə çalışıb zəif nöqtələri aradan qaldıracağıq.

– Transferlərin həyata keçirilməməsi qarşıda qoyulan hədəfə çatmağa problem yaratmayacaq?

– Doğru yanaşmadır. Tamamilə razıyam. Oyun başlayana qədər nəsə səbəb axtarıram. Ancaq oyun başladısa, heç bir səbəb axtarmıram. Mövsüm başlayanda baş məşqçi hədəfi boynuna götürübsə, heç bir bəhanə göstərmədən buna doğru addımlamalıdır. Məsuliyyəti üzərinə alıbsa, axıra kimi işləməlidir. Əlbəttə, transfersiz çətin olacaq. Ancaq mövsümün sonunda hədəfimizə çatmasaq, bunu səbəb göstərməyəcəyəm. Uğursuzluğun səbəbini özümdə axtaracağam.

– Gəlin, bu məsələni qətiləşdirək. Pəncərə bağlanana kimi heç bir transfer olmayacaq?

– Bunu ilk dəfə sizə deyirəm. Əli Nuri adlı gənc futbolçu var. U-21 yığmamıza çağırılırdı. Son 2 ayda “Kəpəz”də məşq edirdi. Ola bilər, gənc futbolçu kimi heyətə qataq. Perspektivli futbolçuya oxşayır. Amma onu da böyük transfer saymıram. Gələcəyə hesablanmış addım kimi bu keçidi reallaşdıracağıq.

“Orta xətdə problemlərimiz var”

– Əvəzedici heyətdən əsas komandaya kimlərisə cəlb etmisiniz?

– İkinci komandadan 6 futbolçu rəhbərliyim altında məşq edir. Hazırlıq prosesində onlara daha çox tapşırıq verirəm. Onların potensialı var. Gələn il “Kəpəz”də gəncəli futbolçuların çoxalmasını istəyirəm. İndi buna çalışıram. Bu gənclərlə də söhbətimiz olub. Onlara şans vermişik. Çalışacağıq ki, onlar növbəti mövsüm əsas komandanın üzvlərinə çevrilsinlər. Hər oyunda əsas komandaya əvəzedicilərdən kimisə cəlb edirəm ki, bu ab-havanı görsün, hiss etsin. Bunlar Əli Səmədov, Fərid Məmmədov, Emin Zamanov, Yusif Cəfərov, Qaraxan Əliyev və Elcan Rəhimovdur. Qarşıdakı dövrələrdə ehtiyac olsa, əvəzedici heyətin bu üzvlərinə də şans verəcəm.

– Julien Ebah bu mövsüm qol duyumunu itirib. Onunla fərdi söhbət etmisiniz?

– Bəli. Problemin kökünə getsək, qol vurmadığı üçün təkcə hücumçunun üzərinə getmək doğru deyil. Gəlin, baxaq ki, Ebah qol vurmaq üçün komanda yoldaşlarından nə qədər məhsuldar ötürmə alıb. Bunu analiz etmişəm. Mərkəzdən çox az hallarda topla təchiz olunub. Bu da pleymeyker sarıdan problemin olduğunu göstərir. Vurduğu 4 qol komandanın real durumundan xəbər verir. Orta xətdə problemlərimiz var. Bu gün yalnız Ebahda yox, komandanın özündə hücum qurmaqda problem var. Biz indi bunun üzərində işləyirik ki, çatışmazlığı minimum səviyyəyə endirək. İnanıram ki, mövsümün ikinci yarısında Ebah daha hazırlıqlı olacaq və qollarının sayını artıracaq.

İdmanxeber.com & newsport.az

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43