Müsahibə

Bəhruz Şirəliyev: “Kənardan hər şey fərqli görünür” – MÜSAHİBƏ

“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevin müsahibəsi.

– “Rəvan”a bundan sonra Şahin Diniyev başçılıq edəcək. Maraqlıdır, onunla nə zaman danışıqlara başladınız? Diniyevin baş məşqçi postuna gətirilməsi çoxdanın planı idi, yoxsa ani baş verdi?

– Diniyevlə, demək olar ki, Vladislav Qədirovu istefaya göndərəndən sonra danışıqlara başladıq. Danışıq apardığımız başqa məşqçilər də var idi. Ancaq seçim edərkən, Şahin müəllimə üstünlük verdik.

– Maraqlıdır, danışıq apardığınız digər məşqçilər kimlər idi?

– Artıq ad çəkməyin mənası yoxdur. Sadəcə onu deyim ki, bizə daha çox əcnəbi məşqçi təklif edilmişdi. Ancaq biz istəyirdik ki, yerli məşqçi ilə əməkdaşlıq edək.

– Vladislav Qədirovu istefaya göndərməyinizin konkret səbəbi nə oldu?

– Komandada irəliləyiş yox idi. Həm oyun, həm də nəticə baxımından irəliləyişin olmadığını görüb, belə qərara gəldik. Başa düşürəm ki, hər məşqçiyə vaxt vermək lazımdır. Ancaq görsən ki, nəticə olmasa belə, komandanın oyunu var, onda məşqçiyə vaxt verməyə dəyər.

– Cari mövsümdə artıq 3-cü çalışdırıcı ilə müqavilə imzalayırsınız. Bunun səbəbini nədə görürsünüz?

– Kənardan fərqli görünür. Bəhmən Həsənov və Vladislav Qədirova güvənərək, onlara çox şans vermişik. Özünüz də bilirsiniz ki, bu dəqiqə Premyer Liqada işləmək hər məşqçiyə nəsib olmur, çox çətindir. Bu mənada, onlar yaxşı şans əldə etmişdilər. Həm də Həsənovla Qədirov “Rəvan” üçün yad insan deyillər. Məhz bu səbəbdən hər ikisinə özlərini göstərmək üçün şərait yaratdıq. Ancaq bu şansdan lazımınca yararlana bilmədilər.

– Bəhruz müəllim, bəlkə qeydə alınan nəticələrdə futbolçuların da günahı var. Yəni ola bilməz ki, futbolçu seçimində yanlışlıq olsun?

– Mən məşqçinin işinə qarışmıram. Təbii ki, transferlərdə də səhvlər olur. Biz həmişə məşqçinin istəyinə uyğun futbolçular transfer edirik. Eləcə də, məşqçinin istəmədiyi futbolçularla yolları ayırırıq. Vladislav Qədirovun özü də bəzi futbolçulara gərək duymadı və biz son anda onlarla vidalaşmalı olduq.

– Yəqin ki, Şahin Diniyev kimi təcrübəli məşqçi komandaya elə-belə gətirilməyib. Bu cür məşqçinin qarşısına yüksək hədəflər qoyulmalıdır. Maraqlıdır, Diniyevin qarşısına hansı tapşırıq qoyulub?

– Biz Şahin müəllimlə 2 il yarımlıq müqavilə imzaladıq. Təcrübəli mütəxəssisdir. Diniyevə hamımız dəstək olacağıq. Ümid edirik ki, onun “Rəvan”dakı fəaliyyəti yaxşı alınacaq. Komandadan baxımlı oyun gözləyirik. Bu alınsa, nəticə də gələcək.


çempion


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43