Kateqoriyasız Müsahibə

“Belə hallar evdəki ata-oğul münasibətinə təsir etmir” – Musa Qurbanlı

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının İdmanxeber.az saytına müsahibəsi.

– “Neftçi”yə qarşı böyükhesablı qələbə qazandınız. Yəqin ki, derbidə qalib gəlmək komandaya xüsusi motivasiya verir…

-Oyun bizim üçün yaxşı alındı. Çox maraqlı və gərgin keçdi. Ümumiyyətlə, “Neftçi” ilə görüşlər hər zaman belə olur. Qarşılıqlı hücumlar var idi, sürətli bir oyun oldu. Azarkeşlər üçün də matçın yaxşı olduğunu düşünürəm, qollar, həyəcan, hər şey var idi. Qələbə qazanmağı çox istəyirdik. Əlbəttə, derbidə qalib gəlmək ayrı bir motivasiyadır. Ancaq biz bütün oyunlara eyni cür yanaşırıq.

-Artıq indidən “Neftçi” 12, ikinci pillədəki “Sabah” isə 5 xal sizdən geridədir. Demək olarmı ki, “Qarabağ” daxili arenada rəqibsizdir?

-Çempionatda rəqibsiz olduğumuzu deməzdim. “Sabah” və “Neftçi” çempionluğa iddialıdırlar. 5 xal o qədər də böyük fərq deyil. Əgər biz bir oyunda xal itirsək, fərq iki və ya üçə enir. “Zirə” ilə bundan öncəki oyunda xal itirmişdik, fərq azalmışdı. Bu səbəbdən də “Neftçi” görüşü bizim üçün çox vacib idi. Çempionata belə yanaşa bilmərik. Kifayət qədər güclü rəqiblər var. Hər oyuna çox köklənərək, ciddi hazırlaşaraq çıxmalıyıq. Hələ mövsümün sonuna çox var. “Sabah”la aradakı beş xallıq fərqi çox da ciddi bir nəticə kimi hesab etmirik.

-“Neftçi”yə qarşı oyunun sonlarında meydana daxil oldun. Görüş sona çatanda çox əsəbi görünürdün. Halbuki komandan derbidən fərqli qələbə qazanmışdı. Bu qədər aqressiv olmağına səbəb nə idi? Az oynadığın üçün ola bilər?

-Xeyr, bununla əlaqəsi yoxdur. Hər şey qaydasında idi. Futbol emosiya oyunudur. Meydanda bəzən aqressivlik olur. Ara-sıra əsəblərimizə hakim ola bilmirik. Təbii ki, çox sevinirdim, derbidə qələbə qazanmışdıq.

-Hazırda çox yaxşı formadasan. Bombardilik yarışı üçün mübarizə aparırsan. Ancaq buna rəğmən, yenə də hər oyun əsas heyətdə başlamırsan. Bu, çıxışına təsir edir?

-Məncə, cari mövsüm kifayət qədər forma şansı tapmışam. Oyunların çoxunda əsas heyətdə, bəzilərində sonradan olsa da meydanda olmuşam. Ümumiyyətlə, bu barədə çox düşünmürəm. Özünüz də bilirsiniz ki, bizdə qrafik çox sıxdır. 3-4 gündən bir matça çıxırıq. Avroliqa, çempionat və kubok oyunları da başlayır. Azı-çoxu olması normaldır, hamı oynayır. “Qarabağ”da rəqabət hər zaman güclüdür. İndi də belədir. Biz hər zaman nəticə üçün mübarizə aparan klub olmuşuq. Baş məşqçi hər şeyin ən yaxşısını bilir. Nə zaman kimin oynayacağına özü qərar verir. Mən sadəcə öz oyunuma diqqət edirəm, inkişat etmək barədə düşünürəm.

-Ancaq bəzi hallarda sənə daha çox şans vermədiyi üçün Qurban Qurbanov tənqid edilir. Bu tənqidlərə haqq verirsən?

-Nə deyim, Qurban Qurbanovu kimin oynadıb-oynatmamasında tənqid etmək bir az düzgün deyil. Çünki o, kimi oynatmaq lazım olduğunu hamıdan yaxşı bilir. Açığı, bu tənqidlərlə razı deyiləm, haqq vermirəm.

-Yəqin ki, evdə atanla müəyyən fikir alış-verişi edirsən. Sənə əsəbləşdiyi hallar çox olur?

-Əlbəttə, olur. Birlikdə hansısa oyunu izləyəndə söhbət edirik, müzakirə aparırıq. Düzdür, iş münasibətiylə evdəkini bir-birinə qarışdırmamağa çalşırıq. Məsələn, bəzən hansısa oyunda mənə əsəbləşəndə belə bunu evə gətirmir. Ancaq məşqlərdə sözsüz ki, belə hallar olur. Əsəbləşir, iradını bildirir. Bu da normaldır, hər halda baş məşqçidir. Amma yenə də belə hallar evdəki ata-oğul münasibətinə təsir etmir.

– Amma “Kəpəz”lə oyunda qaçırdığın penaltidən sonra deyəsən sənə əsəbləşmişdi…

-Yox, elə də ciddi bir şey deməyib. Ümumiyyətlə, Qurban Qurbanovun elə bir xarakteri var ki, texniki səhvlərə görə çox da əsəbləşmir. O, daha çox futbolçunun məsluliyyətsizliyi, nizam-intizamsızlığı olanda narazılıq edir.

-Gənc futbolçuların əsas məqsədləri karyeralarını ölkəxaricində davam etdirməkdir. Yəqin ki, sənin də belə bir hədəfin var…

-Sözsüz ki, hər futbolçu kimi mənim də arzularım var. Hazırda “Qarabağ”da çıxış edirəm. Bütün fikrim burada uğur qazanmaqdır. Çünki inkişafım, irəli getməyimin yolu “Qarabağ”dan keçir. Burada xeyir verə bilməliyəm ki, daha fərqli yerlərə gedim. Avropa futbolu hamımız bilirik ki, yüksək səviyyədədir. Mənim də məqsədim daha böyük liqalarda forma geyinməkdir. Bunun üzərində çalışıram da. Nə olub-olmayacağını gələcəkdə görəcəyik. Ümid edirəm ki, qismət olar.

-Xüsusi ilə formasını geyinmək istədiyin, azarkeşi olduğun bir klub var?

-Açığı, çılğınca azarkeşlik etdiyim bir klub yoxdur. Amma əlbəttə ki, oyununu bəyəndiyim, izlədiyim komandalar var. Məsələn, “Barselona”nı çox bəyənirəm. Onların özlərinə məxsus oyun tərzləri var. Bu, çox maraqlıdır. Üstəlik əla stadionları da var. “Nou Kamp”da möhtəşəm atmosfer olur. “Liverpul”u da eyni zamanda deyə bilərəm. Onların da “Enfild” kimi əla stadionları var. Mənə görə Avropada ən yaxşı atmosfer bu stadionda olur. Orada oyuna çıxmaq ən böyük arzumdur. Təbii ki, bütüm bunlar arzudur, xəyaldır. Bunun üçün çalışmaq lazımdır.

-Yəqin ki, dünya çempionatını izləyirsən. Səncə, favorit kimdir?

-Əlbəttə, izləyirəm. Çalışıram bütün oyunlara baxım. Demək olar ki, bir çox əfsanəvi futbolçuların sonuncu dünya çempionatlarıdır. Ona görə də olduqca maraqlıdır. Özüm uşaqlıqdan Braziliya millisinə azarkeşlik edirəm. Məncə, onların şansları daha çoxdur. Fransa da, Argentna da favoritlərdəndir. Ancaq istəyərəm ki, Braziliya çempion olsun. Ancaq bir çoxları Messi və Ronaldoya görə Portuqaliya – Argentina finalını arzulayır.

-Millinin üzvü kimi Azərbaycan yığmasının yaxın gələcəkdə belə turnirlərə qatılacağını düşünürsən?

-İndiki durumda bu, çox çətin görünür. İşləmək, çalışmaq laızmdır. Zaman necə olacağını göstərəcək. Bizim seçmə mərhələmiz Avropadan olduğu üçün daha da çətindir. Burada komandalar çox güclüdür. Ancaq belə hər birimizin arzusudur dünya çempionatına vəsiqə qazanmaq, orada çıxış etmək.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43