20 Sentyabr 2024
Ölkə futbolu

“Belə şeylər ancaq bizim başımıza gəlir” – “Zirə”nin kapitanı

“Zirə”nin kapitanı Qismət Alıyev “Qəbələ” oyunu (1:1) sonrası İdmanxeber.az saytına müsahibə verib.

– Matçı necə şərh edirsən?

Oyuna çox yaxşı hazırlaşmışdıq. Neçə həftədi qələbəyə həsrətik. Oyunda nəzarət bizim tərəfimizdə idi. Ülvi İsgəndərov eyni qolu bir neçə il əvvəl də bizə vurmuşdu. Çempionatda belə şeylər ancaq bizim başımıza gəlir. Elə bil topu əli ilə götürüb qapının içinə atdı. Sonradan komanda özünə gəldi, hücumlarımız oldu. Ancaq istifadə edə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Ülvinin qolunu özün də vurğuladın. Oyundan sonra Rəşad Sadıqov qapıçıya nəsə dedi? 

Əslində bu barədə söhbət olmuşdu. Tiaqo Silva gözləməzdi ki, Ülvi birbaşa oradan qapıya zərbə vuracaq. Bəlkə onun əvvəlki qolunu izləsəydi, bunu ehtimal edə bilərdi. Sadəcə oyun idi, bizim də bəxtimiz belə gətirib.

İndiki vəziyyətinizi “qara zolaq” adlandırmaq olar? 8 oyundu qələbə qazana bilmirsiniz… 

Oyunlara baxanda epizodlarımız olur, ancaq biz yararlana bilmirik. Belə davam eləsək, bu tilsimi qıracağımıza inanıram. Bir qələbə qazansaq, ardı gələcək. Sadəcə olaraq son anlarda daha dəqiq olmaq lazımdı.

– Bugün çox aqressiv görünürdün. Emil Səfərovla aranızda nə baş verdi?

Emil bizim akademiyanın futbolçusudur. Yanımızda böyümüş uşaqdı. Mən komanda yoldaşıma söz deyirdim, Emil səhv başa düşdü. Elə bilib ona deyirəm. Sonra başa düşdü ki, ona heç nə deməmişəm. Aramızda başqa heç nə ola bilməz. Meydandan kənarda onunla görüşürük. Emil elə uşaq deyil. Sadəcə kiçik bir anlaşılmazlıq oldu.

– “Zirə”nin hakimliklə bağlı narazılıqları çox olur. Bəs bu oyunda necə?

Bugünkü oyunda hakimliklə bağlı ciddi bir problem olmadı. Bundan öncə “Qarabağ” və “Səbail”lə görüşlərdə penaltimiz verilmədi və sonuncu “Sabah”la oyunda narazılığımız var idi. Hamı nələr baş verdiyini gördü.

– Səncə, “Zirə” avrokuboklara vəsiqə qazana biləcək?

Bütün məqsədimiz budur. Avrokuboklara qatılmaq üçün hər şeyi edəcəyik. Yaxşı heyətimiz var. Məşqçilərimiz də oyunları analiz edir, çatışmazlıqları bizə deyir. Bir qələbə qazansaq, ardı gələcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43