Müsahibə

“Belə olanda məşqçi daha rahat qərar verə bilir” – Qurban Qurbanov

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah Sloveniya klubu “Olimpiya”nı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oyundan öncə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Sloveniyadakı oyundan fərqli sabah heyətdə dəyişiklik gözlənilirmi?

– Dəyişiklik ola bilər. Amma ciddi bir fərq gözlənilmir.

– Macarıstanlı Balaş Dzudzakın “Qarabağ”a keçmək variantı nə dərəcədə realdı?

– Bu, son illərin ən çox verilən sualıdı. Ən çox axtarışda olduğumuz mövqe hücumçdu. Amma dediyiniz oyunçu ilə bağlı məlumatım yoxdu. Bəlkə də, siyahımızda olub. Hücuma ən azı 1 oyuncu cəlb etmək istəyirik. Axtarışlar davam edir.

– Bir neçə oyunçu – Almeyda, Əmirquliyev komandadan getdi, Qara Qarayev ilk oyunda qırmızı vərəqə aldı. Coşqun Diniyevin orta sahədə tək qalması sizi narahat etmir?

– Qaranın qırmızı vərəqə alması barədə indi düşünməyə ehtiyac yoxdu. Yaxşı tərəfini düşünək. İxtiyarında az oyunçu olanda, məşqçi daha rahat qərar verə bilir.

– Almeydanın qış fasiləsində “Astana” variantı olub. Həmin vaxt bunu hiss etmisiniz?

– Almeyda elə futbolçudu ki, danışıq onun oyununa təsir etməz. Mövsümün sonuna bir neçə tur qalmış onun qalmayacağını bilirdim. Komandasını dəyişmək istəyirdi. Buna normal baxırdım. O ki qaldı sualınıza, bunu hiss etməmişəm. Almeyda həmişə maksimum gücünü ortaya qoyub.

– Roman Qriqorçuk “Astana”ya Pedro Enrike və Riçard Almeydanı apardı, nəinki “Qəbələ”də bəyəndiyi Cavid Hüseynov. Bunu düşünəndə sevinmirsiniz ki, mənim əməyimin bəhrəsidi?

– Belə şeylərə az fikir verməyə çalışırıq. “Barselona” pik səviyyədi. Amma Neymar ordan getdi. Futbolda belə hallar olur. Burdan çıxan futbolçulara dəyər verilməsi bizi sevindirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43