Ölkə futbolu

“Bəli, anlayıram ki, hələ yaxşı oyun formasında deyiləm”

Yeddi ay fasilədən sonra yenidən yaşıl meydanlara qayıdan “İnter”in gənc futbolçusu Fuad Bayramov əvəzedicilərin çempionatının son turunda qarşılaşdıqları “Rəvan”la oyun haqda danışıb.

Klubun rəsmi saytına açıqlama verən F.Bayramov tezliklə yenidən əsas komandada oynayacağına inandığını bildirib:

“Meydançaya qayıdan zaman xüsusi hisslər yaşadım. Komanda yoldaşlarım məni alqışlarla qarşıladılar və bu, mənə yaxşı mənada çox təsir etdi. Meydançaya qayıtmaq çox xoş idi. Həmin hissləri sözlə ifadə etmək çox çətindir. Bəli, anlayıram ki, hələ yaxşı oyun formasında deyiləm.

Axı uzun zaman itirmişəm, ancaq itirdiklərimi qaytarmaq üçün çox çalışacağam. Fiziki olaraq tam hazıram və meydançada keçirdiyim müddət ərzində hər hansı bir narahatlıq hiss etmədim. Xoşdur ki, debüt matçımda komandaya qalib gəlmək müyəssər oldu. Bu, mənim əhval-ruhiyyəmi daha da yaxşılaşdırdı. Ümid edirəm ki, tez bir zamanda əsas komandanın da heyətində də meydançaya çıxacağam”.

Xatırladaq ki, bu yaxınlarda klub Fuad Bayramovla iki illik müddətinə müqavilə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43