Milli komanda

Berti Foqts: “Bu, sizin işiniz deyil” – MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Bolqarıstan mətbuatına müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikrini bildirib və keçmişə səthi nəzər salıb. İdmanxeber.com Foqtsun fikirlərini diqqətinizə çatdırır:
 
– Qrup haqda nə düşünürsünüz?
– Bir-birinə kifayət qədər bərabər yığmalar qrupa düşüb. Əlbəttə, İtaliya, Xorvatiya yığmalarının simasında favoritlər var. Ancaq bizim məqsədimiz üçüncü yer tutmaqdı. Bizə çox şey etmək lazım gələcək ki, buna nail olaq. Çünki həmin yerə Bolqarıstan və Norveç də göz dikib. Mənə yenə də bolqarıstanlı dostlarımla qarşılaşmaq lazım gələcək (Foqtsun üzündə təbəssüm yarandı ki, bolqarıstanlı həmkarımız bunu saxta təbəssüm adlandırıb – red.).
 
– Görünür, Bolqarıstana qarşı oyunu xatırlayırsınız?
– ABŞ-da keçirilmiş DÇ-94 artıq bir keçmişdir. Uzaq bir keçmiş. Bu, Azərbaycan və Bolqarıstan oyunlarında heç bir rol oynamayacaq. Bilirsinizmi ki, Bolqarıstanı digər komandalarla nə qədər məğlub etmişəm?
 
– Bizə məlumat verin. Hər halda, biz sizin DÇ-dən bir sonra Sofiyada məğlubiyyətinizi xatırlayırıq.
– Əhsən. Mən də xatırlayıram. Məgər bu, hər hansı əhəmiyyət kəsb edir? Keçmiş, keçmişdir. Keçmişlə yaşamağın mənası yoxdur. Düşünməyin ki, mən Bolqarıstanı sevmirəm. Mənə həmişə bolqarıstanlı dostlarımla işləmək xoşdur.
 
– Kimdir o dostlar?
– Bu, sizin işiniz deyil. Onlar haqda mən ictimaiyyət arasında danışmayacağam.
Azərbaycanda futbol nə qədər sürətlə inkişaf edir? Statistikaya baxmaq kifayətdir. Ötən təsnifat mərhələsində yalnız üç oyunda məğlub olduq. İki dəfə Portuqaliya, bir dəfə Rusiya yığmasına. DÇ-nin gələcək iştirakçılarına. Demək, bizim yaxşı potensialımız var.
 
– Azərbaycan yığmasının ən yaxşı oyunçusu kimdir?
– Mən onları meydanda görürəm. Ancaq sizə deməyəcəyəm.
 
– Bolqarıstan yığması haqda nə isə bilirsiniz?
– Heç nə. Ancaq bu, hələlikdir. Bir Bolqarıstan komandası var ki, Avropa Liqasında oynayır. Ancaq adını xatırlamıram.
 
– Sizi Azərbaycan yığmasının baş məşqçisi olmağa nə vadar etdi?
– Mən öz zövqümə işləyirəm. Buna görə də müqaviləni uzatdım. Özümə yalnız məşqçi kimi deyil, futbolun inkişafına kömək edəcək bir insan kimi baxıram. Bizə orta Avropa futbolu səviyyəsinə qədər çatmaq lazımdır.
 
– Futbol Azərbaycanda bir nömrəli idman növüdür?
– Yox. Şahmat nömrə birdir. Yeri gəlmişkən, Harri Kasparov Bakıdandır. Orada həm də boks və ağır atletikanı sevirlər. Ancaq futbola böyük pullar ayaq açıb və hazırda bir çox yerli mütəxəssislərin klublarla münasibəti var.
 
– Siz də orada pula qalmısınız?
– Pul əsas deyil.
 
– Siz Almaniyaya beynəlxalq yarışlarda uğur qazandıran son məşqçisiniz. Almanlar AÇ-96 kimi mötəbər yarışa bərabər yarışda növbəti qələbəni nə zaman bayram edəcəklər?
 – Düzü, mən heç özüm də düşünmürdüm ki, Almaniya İngiltərədəki bu qələbədən sonra bu qədər çox gözləyəcək. Bizə sadəcə, uğur lazımdır. Qarşıdakı DÇ-də üç favorit görürəm: Braziliya, Argentina və Almaniya.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43