Milli komanda

“Bəzi oyunçular bundan öncə də lotuluq eləmək istədilər” – Millimizin baş məşqçisi

21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Samir Ələkbərov Avro-2019-un seçmə mərhələsində bu gün Kosovo ilə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Epizodların birində rəqibin baş məşqçisinə sərt reaksiya verdiniz. Bununla bağlı nə deyə bilərsiz?

– Hamınız məni səmimi insan kimi tanıyırsız. 3 aydı ki, anadan əmdiyim südü burnumdan gətirirlər. Hamınız boksa baxırsız. Ardıcıl 2 matçda noqdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz verirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük.

– Elnur Cəfərov Almaniya ilə matçdan sonra bahalı avtomobillə fotosunu paylaşdı. Bu gün isə sosial şəbəkədə azarkeşi söhbətə çağırıb…

– Mənim bundan xəbərim olmayıb. İnternetdən istifadə etməmişəm. Almaniya ilə oyundan sonra necə otağa girmişəmsə, bu gün otaqdan çıxmışam. Elnur və bəzi oyunçular bundan öncə İslam Həmrəyliyi Oyunlarında da lotuluq etmək istəmişdilər. Sonra isə hərəkətlərinə görə üzr istəmişdilər.

– Elnur Cəfərov son hərəkətinə görə cəzalanacaqmı?

– Mütləq. Təkcə biz yox, klubu da onu cəzalandırmalıdı. Vaxtında bilsəydim, onu bazadan qovardım.

– Baş məşqçi kimi işinizi davam etdirməyi istəyirsizmi?

– Bütün məşqçilərimizə mənim kimi köməkçi olmağı arzulayıram. Mən buraya 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım. Sağ olsunlar ki, iki məğlubiyyətdən sonra mənə millini üçüncü oyuna çıxarmağa imkan yaratdılar.

– Cərimə zərbələrindən komandanız çox pis istifadə edirdi. Bunu nə ilə izah edərdiniz?

– Mən nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Qərarı futbolçular verirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43