Kateqoriyasız

Bir gedişin izi ilə

“Səbail” –  “Sabah” arasındakı mövcud dəyiş-düyüşdən xəbəriniz var. Yaddaş təzələyib  xatırladaq ki, “Səbail”in icraçı direktor vəzifəsindən istefa verən Ramin Həsənov dərhal “Sabah”a baş icraçı direktor vəzifəsinə təyin edildi. Hansı ki, “Sabah”da icraçı direktor vəzifəsi var idi və bu post uzun müddət idi ki, Emin Abbasova həvalə edilmişdi.

Bir klubda aşağı-yuxarı iki eyni vəzifənin olması təəccüb doğurmaya bilməzdi. Planlı şəkildə atılan addım Abbasovun komandadan göndərilməsi və ya məcburən getməsi üçün idi ki, belə də oldu. Abbasov istefa verərək klubdan ayrıldı.

Maraq üçün qeyd edək ki, “Sabah” cari mövsümdə ilk qələbəsini Ramin Həsənov “Səbail”də çalışarkən 6-cı turda qazanıb. Komanda “Səbail”in müqavimətini 77-ci dəqiqədən sonra, 3 qol vuraraq məğlub etdi. Hansı ki, bundan sonra yenə “Sabah” qələbəyə həsrət qaldı. Yaxşı ki, “Səbail” var idi…

12-ci turda “Sabah” səfərdə ilk hissəni yenik bitirdiyi “Səbail”ə yenə məğlub olur. Bu dəfə 88-ci dəqiqədən sonra 3 qol buraxır…

Və nəhayət “Səbail” 18-ci turda “Sabah”a uduzmur. Xoş olmayan təsadüfi statistikanın ardınca Ramin Həsənovun “Sabah”a təyinatından sonra “Səbail” Masazırdan xalla qayıdır.

Təbii ki, bu sadəcə bir statistika da ola bilər. Ancaq təsadüfü olmayan Ramin Həsənovun “Səbail”dən “Sabah”a keçidi və E.Abbasovun bu gəlişdən narazı qalaraq gedişi oldu.

Əldə etdiyimiz digər bir məlumata görə, R.Həsənov “Səbail”dəkindən də yaxşı qazanc üçün “Sabah”a üz tutdu. Klub prezidenti Maqsud Adıgözəlovla dost olan Həsənovun “Sabah”dakı maaşı 6000 manatdı. Hansı ki, bir neçə il klubun uğurları üçün çalışan sabiq idman direktoru Emin Abbasovun aylıq məvacibi isə cəmi 2000 manat təşkil edirdi.

Səxavət Qurbanov

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43