Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə” öz meydanında “Kəpəz”lə qarşılaşıb və heç-heçə edib.
İdmanxeber.az-ın məlumatina görə, oyundan sonra keçirilən mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
– Möhtəşəm oyun oldu. Bu gün Azərbaycan futbolu qazandı. Son zamanlarda iştirak etdiyimiz bütün oyunlar maraqlı keçir. Matça əla başlamışdıq. Bir anda verilən qırmızı vərəqədən sonra hər şey dəyişdi. Ardınca ikinci “qırmızı”nı aldıq. Buraxdığımız ikinci qol bir az da komandaya pis təsir etdi. İkinci yarıda daha yaxşı çıxış etdik. Rəqibə qırmızı vərəqə aldırmaq istəyirdik. Bu da işlədi. Məğlubiyyətə çox yaxın idik. Azlıqda və geridə olanda da yaxşı qol epizodlarımız oldu. Komanda bu gün çox ürəkli oynadı. 4 gün əvvəl 120 dəqiqəlik ağır oyunumuz olmuşdu. Fiziki və psixoloji yorğunluq var idi. Belə xarakter göstərməyimiz mənim üçün qələbəyə bərabərdir. Ən vacib olan komandanın belə xarakterdə olmasıdır. Daha yaxşı olması üçün çalışacağıq.
– Hakimlik barədə nə deyə bilərsiz?
– Bu barədə danışmaq istəmirəm. Məğlub olsaq da, danışmamağa çalışacağımı fikirləşirdim. Etiraz etdiyimiz epizodlar var idi. Son ümid foluna görə VAR-a baxdı, amma sonra sarı vərəqə verdi. Bəlkə də qərarlar təkmilləşib. İlk dəfə belə şey gördüm.
– Coşqun Diniyevin qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiz?
– Epizoda baxmalıyam. Əgər var idisə, daha ehtiyatlı, səliqəli oynamalı idi. Belə epizodlarda diqqətli olmaq lazımdır. Bizə qarşı çox həssas qərarlar verilir. Bizə qarşı çox soqyuqqanlı qərarlar verirlər. Amma qərəz olduğunu deyə bilmərəm. Nicat İsmayıllı gənc hakimdir. Son vaxtlar təyinat alır. Bilmirəm.
– VAR-dan sonra sarı vərəqə verməsi barədə referidən soruşmaq imkanınız oldu?
– Baş hakimdən soruşa bilmədim. İlk dəfədir, belə halla qarşılaşıram. 4-cü hakim bildirdi ki, belə qayda var. Qırmızı verilsəydi, sonra “sarı”ya çevrilsəydi – belə epizodlar görmüşük. Amma bu cür hal ilk dəfə gördüm.
– Qış transferləri ilə bağlı hansı planlarınız var?
– Axtarışlar davam edir. Danışıqlar aparırıq. Bir az problemli görünür. Güclənməyə çalışacağıq.
– Hansı mövqelərə transferlər olacaq?
– Hər xəttə transfer planlaşdırırıq. Bu heyət qalacaq. Ola bilər hansısa dəyişikliklər olsun.