Kateqoriyasız

“Biz demirik ki, bunu edəcəksiniz” – Əmrah Çelikel

“Qarabağ”ın direktoru Əmrah Çelikel Avropa Liqasının qrup mərhələsinin II turunda bu gün keçiriləcək “Düdelanj”la oyun öncəsi komandanın Avroliqada qarşısına qoyduğu məqsədlərdən söz açıb.

– Bugünkü oyundan klub rəhbərliyi olaraq, gözləntiniz nədir?
– Hamımızın gözləntisi 3 xal qazanmaqdı və buna görə bura gəlmişik. Qələbə  üçün hər kəs əlindən gələni edəcək.

– Klub rəhbərliyinin “Qarabağ”ın hazırkı duruma haqda rəyi necədi? Komanda Premyer Liqada liderdi, amma Avroliqaya məğlubiyyətlə başladı. Ümumi durum sizin üçün qaneedicidirmi?
– Əlbəttə, qaneedicidi və daha yaxşı olması üçün hamımız çalışırıq. Düzdü, Avroliqaya məğlubiyyətlə başladıq. Amma “Sevilya”ya uduzduq. Bu, hamı tərəfindən gözlənilən idi. Bu gün qrupdan çıxmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

– Hər il olduğu kimi, bu il də transferlərlə bağlı həm məşqçilərə, həm rəhbərliyə ictimaiyyət tərəfindən tələblər, təzyiqlər çox oldu. İndiyədək keçirilən oyunlardan sonra bu barədə necə düşünürsünüz, transferlərin səviyyəsi ilə bağlı fikriniz necədi? Əlavə transferlər etmək olardımı?
– Bilirsiniz ki, bu məsələlərdə biz çox danışmırıq. Bu, texniki məsələdi. Əgər Qurban müəllimi qane edirsə, əlbəttə, bizi də qane edir. Bizim bütün dəstəyimiz və inamımız onunla bir yerdədi. Çox fərqli fikirlər söyləmək olar. Hər kəsin özünəməxsus düşüncəsi ola bilər, buna da hörmətlə yanaşırıq. Ancaq bizim bu məsələdə rəhbərimiz Qurban müəllimdi və biz ona güvənirik.

– Bu il oyunlara azarkeşlərin gəlməsi ilə bağlı nə düşünürsünüz? Gözlədiyiniz qədər azarkeşlər gəlir, yoxsa azalma var?
– Əgər Premyer Liqadan danışırıqsa, bu, Azərbaycan futbolunda bizim problemli yerimizdi. Yəqin ki, azarkeş sayında artım olacaq. Azarkeşlərin stadiona az gəlməyi haqda həmişə danışılıb, amma “Qarabağ”a həm fan klublarımız, həm də bütün Qarabağı sevənlər dəstək olurlar və biz bunu hiss edirik.

– “Düdelanj”la oyuna azərbaycanlı azarkeşlər tərəfindən müraciət olunubmu?
– Bəli, çoxlu sayda. Xeyli vətəndaşlarımızın, həmvətənlərimizin gələcəyini bilirik.  Bizə bu haqda məlumatlar daxil olub. Bugünkü görüşümüzdə bizə deyildi ki, onlara da çoxlu müraciətlər var. Təxminən, 300-500 nəfər arasında azarkeşin stadiondan bizi dəstəkləməyini gözləyirik.

– Son olaraq, klub rəhbərliyi məşqçi heyətinin qarşısında Avroliqa ilə bağlı hansı hədəfi qoyub?
– Bizdə hədəflər öz təbii yoluyla yaranır. Biz demirik ki, bunu edəcəksiniz. Olduğumuz mövqelərin ən yüksək zirvəsinə çatmaq üçün çalışırıq. Bu gün də belədi. Yəni, məqsədimiz qrupdan çıxmaqdı. Bu, bizim təbii hədəfimizdi. Buna nail olmaq üçün də əlimizdən gələni edəcəyik. qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43