19 Sentyabr 2024
Ölkə futbolu

“Bizim uşaq futbolunda keçirilən məşqlə İspaniyadakı arasında ciddi fərq yoxdur”

“İlk olaraq İspaniyada Madridə getdim. Çünki uşaqlıqdan “Real” azarkeşiyəm. “Santiyaqo Bernabeu”nu və bu klubun müzeyini görmək çox maraqlı gəlirdi. Orada tarixi formalara, toplara baxdım. Klubun bazasının yaranma, qurulma tarixləri ilə tanış oldum”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in sabiq məşqçisi İlkin Verdiyev təcrübə toplamaq üçün yollandığı İspaniyaya səfəri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Barselona şəhərinə də səfər etdim. Burada özəl fəaliyyət göstərən “Sport Klub” məktəbi var. Uşaq futbolu ilə məşğul olurlar. Mənə azyşalılarla necə işlədiklərini, onlarla bizim aramızdakı fərqin nə olduğunu bilmək maraqlı gəlirdi. Açığı, bizim uşaq futbolu ilə onların keçdiyi məşqlər arasında elə də fərq yoxdur. Sadəcə fərq budur ki, bəzi yaş dövründə onlarda inkişaf, biz də isə geriləmə gedir.

“Jirona” klubunun bazasını, akademiyasını ziyarət etdim. Sağ olsunlar, çox köməklik göstərdilər. İki meydançaları var. Hibrit meydança idi. Təbii otla sünini qarışdırıblar ki, meydança daha dözümlü olsun. “Jirona”nın B komandasının məşqlərini də izlədim. Həmçinin bu klubun U-18, U-19 komandalarının hazırlıqlarına baxdım və özüm üçün qeydlər apardım. İlin müyyən vaxtlarında 3 dəfə toplanış edirlər. Deyirlər ki, həmin vaxt giriş azad olur. Kim istəsə uşağını baxışa gətirə bilər. Bütün uşaqlara baxırlar, diqqət yetirirlər.

Əslində çoxdan getmək istəyirdim. “Kəpəz”dən ayrılandan sonra boş vaxtım oldu. Səfər üçün yaxşı fürsət idi. Başqa ölkəni görmək, ayrı insanlarla tanış olmaq, İspaniya kimi ölkənin futbolunu yaxından tanımaq böyük təcrübədir. Çalışacam ki, bu təcrübə mənim karyerama müsbət təsir etsin, öyrəndiklərimi işimdə tətbiq edim”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43