29 Sentyabr 2024
Kateqoriyasız

Bizimkilərə baxıb öyrənənlər – YAZI

Dəqiq yadımda deyil. Bilmirəm həftənin ya tək, ya da cüt günü idi. İdman mətbuatında necə deyərlər, şok bir xəbər yayıldı. Əgər həmin o xəbərə inansaq, yaxın vaxtlarda Türkiyə Superliqasının oyunları Azərbaycanda da yayımlanacaq. Daha doğrusu, “Qalatasaray”ın, “Fənərbaxça”nın, “Beşiktaş”ın matçlarına rahat şəkildə baxmaq imkanı olacaq.

Dəqiq yadımda deyil, ötən həftənin ya tək, ya da cüt günündə AFFA-nın hesabat konfransına, ardında da İcraiyyə Komitəsinə toplaşan futbol başbilənlərimiz bizim Premyer Liqa adlandırılan yarışın da teleyayım məsələsinə toxunmuşdular.

Bildiyim qədəri ilə hər iki xəbərdə bir balaca yanlışlıq olub. Lap əslinə qalsa, kobud səhvə yol verilib. Sadəcə, mən idman jurnalistikasında çalışan həmkarlarımın xətrinə dəyməmək üçün nisbətən yumşaq yazıram. Dostlar mənimdi, bilirəm də, o qədər yazıb-pozacaqlar, gəl-görəsən. Gözümüzün qabağında AFFA-nın baş katibi Elxan Məmmədovdan nələr yazmırlar. Biri yazır pul yeyilir, o biri yazır pul silinir, daha nə bilim nələr. AFFA rəsmisini də müdafiə edəndə dostlar başqa şeylər fikirləşir. Təbii ki, həmkarlarım düz eləmirlər, Elxan Məmmədovu tənqid eləməyə nə var ki, hünərləri var gedib Qarabağda döyüşsünlər.

Nə isə, söhbət buraxılan səhvdən gedir. Türkiyə Superliqasının bizdə yayımı ilə işim yoxdu. Daha doğrusu, nə vaxt, necə göstərərlər baxarıq. Ya qismət. Amma bizim adı gözəl, özü ondan da gözəl milli çempionatımızın yayımı önəmli məsələdi. Belə vacib, həyatı bir məsələdə necə yanlışlığa yol vermək olar, dostlar? Axı, söhbət tamam başqa cür olub. Mənə inanmırsınızsa, gedin AFFA-nın yaxınlığındakı yerüstü keçidin inşasında 5 gün çalışmış, sonra isə futbolumuzdakı qanunsuzluqlara etiraz edərək fəhləlikdən istefa verən insandan soruşun. Hətta o da təsdiq edir ki, Premyer Liqamızın oyunları artıq dünyanın bir neçə ölkəsində göstəriləcək. Sadəcə, əcnəbilər çempionatın bitməsini gözləyirlər.

Lap düzünə qalsa, istefada olan fəhlə söhbət zamanı sizə sadəlövh sual da verə bilər. Soruşar ki, bizim futbola buralarda düz-əməlli tamaşa yoxdu, oralarda kim baxacaq? Mən bu sualla qarşılaşmışam və cavabını da vermişəm. Elə hər şeyə belə yanaşırlar ki, yeraltı, yerüstü keçidlərdə, yol qovşaqlarında min dənə problem çıxır da…

Necə yəni kim baxacaq? Dominikan Respublikası öz rəsmi telekanalında bizim Premyer Liqanın oyunlarını hər gün 95 dəqiqə göstərəcək. Çünki onlar ölkədə futbolun inkişafına maraqlıdırlar, ona görə də istəyirlər hamı futbola baxsın. Xüsusi ilə balaca uşaqlar. Hər gün bizimkilərin matçlarını göstərib öz uşaqlarına deyəcəklər ki, a gədə, yaxşı futbolçu olmaq istəyirsənsə belə oynama. Yoxsa Yamaykanın 7-ci divizionunda top qovan komandanın ehtiyat skamyasında da sənə yer yoxdu.

Nepal da milli çempionatımıza böyük maraq göstərir. Onlar istəyir ki, stadionlarının ot örtüyünü abıra salsınlar. Bizim buraxdığımız kobud səhvləri təkrarlamamaq üçün oyunlarımızı canlı yayımlayacaq, futbol arenalarımızdan geniş reportaj hazırlayacaqlar.

Zimbabveyə bilmirəm də nə düşüb ki, dünyanın pul-paradan əziyyət çəkdiyi indiki vaxtda vaqonla dollar xərcləyib bizim çempionatın yayımını almaq üstündə Sudanla dalaşır. Hətta qorxuram iki ölkə arasında savaş başlaya. Bizim çempionatın nəyinə baxmaq istəyirlər axı?

Hakimlik onlarda bu qədərmi bərbad gündədi?

Etibar CƏBRAYILOGLU

“Het-trik news” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43